Bu gün Dubay-Təl-Əviv reysini həyata keçirərkən həyəcan siqnalı vermiş təyyarənin içində çəkildiyi iddia edilən görüntülər yayılıb.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan fotolarda ağ qısaqol köynək geyinən bir şəxsin üzərində qana bənzəyən çoxsaylı ləkələr görünür.
Onun təyyarədəki bıçaqlı şəxsi zərərsizləşdirməyə kömək edən sərnişin olduğu iddia edilir.
“FlyDubai” aviaşirkətinə məxsus təyyarənin içində çəkildiyi iddia edilən digər görüntülərdə isə qışqırıq səsləri, təyyarənin yellənməsi, sərnişinlərin isə vahimə içərisində dua etməsi əks olunub. Həmin görüntülərin məhz Dubay-Təl-Əviv reysini həyata keçirən təyyarədə çəkildiyi iddia olunsa da, hələlik bu, rəsmi təsdiqini tapmayıb.
Artıq mətbuatda hadisənin təfərrüatı ilə bağlı fərqli versiyalar yayılıb. Versiyalardan birinə görə, pilotlar arasında baş vermiş dava zamanı onlardan biri bıçaq yarası alıb. Vəziyyəti yalnız sərnişinlərin müdaxiləsi nəticəsində nəzarət altına almaq mümkün olub. Digər versiyaya görə isə baş vermiş davanın səbəbi pilotlardan birinin qəsdən aviaqəza törətmək cəhdi olub.
İsrailin “Channel 12” kanalı pilotlardan birinin rusiyalı, digərinin isə ukraynalı olduğunu iddia edib. “Channel 14” kanalı isə hücum edən ikinci pilotun Oman sakini, zərərçəkmiş təyyarə kapitanının isə BƏƏ rezidenti olduğunu bildirib.
Artıq Rusiyanın Dubaydakı baş konsulluğu pilotlardan birinin rusiyalı olması barədə məlumatları təkzib edib.


