kredit 11

Mərkəzi Bankın 23 sentyabr qərarı kredit bazarı üçün yalnız uçot dərəcəsi baxımından deyil, banklararası bazarın fəaliyyəti baxımından da əhəmiyyətlidir. Uçot dərəcəsi 6,5 faizdə, yuxarı hədd 7,5 faizdə saxlanılıb, faiz dəhlizinin aşağı həddi isə 5,5 faizdən 5 faizə endirilib. Mərkəzi Bank bu addımın əsas məqsədinin bank sektorunda izafi likvidlik şəraitində banklararası pul bazarında aktivliyi artırmaq olduğunu bildirir.

Burada mühüm məqam odur ki, uçot dərəcəsi faktiki olaraq endirilməyib. Ona görə kreditlərin sabahdan ucuzlaşacağını gözləmək düzgün olmaz. Lakin qərar bankların bir-birindən daha aşağı faizlə vəsait cəlb etməsi üçün imkanları genişləndirə bilər. Banklararası bazarda pulun qiyməti aşağı düşdükcə bu, zamanla kreditlərin maya dəyərinə də təsir göstərəcək.

Kreditlərin ucuzlaşması üçün başqa mühüm amil bank sistemində likvidliyin yüksək olmasıdır. Mərkəzi Bankın məlumatına görə, sentyabrın əvvəlində bank sektorunun kredit portfeli 32,8 milyard manat, əmanət portfeli isə 18,2 milyard manat olub. Bank sistemində kifayət qədər likvidliyin olması bankların əlavə vəsait uğrunda daha yüksək xərc çəkmək ehtiyacını azaldacaq.

Digər tərəfdən, pul bazarında faizlərin son aylarda müəyyən qədər aşağı istiqamətdə hərəkət etməsi də diqqət çəkir. Məsələn, 28 günlük Mərkəzi Bank notlarının gəlirliliyi ilin əvvəlində 6,73 faiz olduğu halda, sentyabrda 6,51 faizə düşüb. Bu, maliyyə resurslarının qiymətində müəyyən yumşalmanın artıq bazarın bəzi seqmentlərində müşahidə olunduğunu göstərir.

İnflyasiya amili də kredit faizlərinin gələcək istiqaməti üçün vacibdir. Avqustda illik inflyasiya 5,7 faiz olub və Mərkəzi Bankın hədəf diapazonu 4 faiz ±2 faizdir. Yəni inflyasiya hazırda hədəf diapazonunun daxilindədir. Qiymət artımının sabitləşməsi davam edərsə, pul siyasətinin daha yumşaq istiqamətə keçməsi üçün imkanlar arta bilər.

Kreditlərin ucuzlaşmasına təsir edən digər amil banklararası rəqabətdir. Bankların resursları kifayət qədər olduğu halda yeni müştəri cəlb etmək üçün faiz marjasını azaltmaq, daha uzun müddət və daha əlverişli şərtlər təklif etmək imkanları artır. Xüsusilə biznes kreditlərində rəqabət güclənərsə, kreditin qiyməti tədricən aşağı düşəcək.

Bununla yanaşı, kredit faizinin yalnız Mərkəzi Bankın dərəcəsindən ibarət olmadığını nəzərə almaq lazımdır. Bank kreditə depozit faizi, əməliyyat xərcləri, kredit riskləri, problemli kredit ehtimalı, kapitalın qiyməti və mənfəət marjasını da daxil edir. Buna görə uçot dərəcəsi və ya faiz dəhlizinin aşağı həddi azaldıqda kredit faizində eyni ölçüdə azalma baş verməyə bilər, amma bunun baş verməsi də istisna deyil.

Hazırkı qərarın mühüm tərəfi həm də ondan ibarətdir ki, Mərkəzi Bank yuxarı həddi və uçot dərəcəsini dəyişməməklə inflyasiya gözləntilərinə qarşı ehtiyatlı mövqeyini qoruyub. Eyni zamanda aşağı həddin 0,5 faiz bəndi azaldılması banklararası bazarda daha çevik faiz formalaşmasına şərait yaradır. Yəni Mərkəzi Bank bir tərəfdən qiymət sabitliyini qoruyur, digər tərəfdən maliyyə bazarında likvidliyin daha səmərəli hərəkət etməsinə imkan yaradır.

Bu amillər birlikdə qiymətləndirildikdə, kreditlərin ucuzlaşması üçün əvvəlkindən daha çox əsas yaranır, amma bu prosesin tədricən baş verməsi daha real görünür. Əvvəlcə banklararası maliyyələşmədə və yeni kredit məhsullarında dəyişikliklər, daha sonra isə resursların maya dəyərinin aşağı düşməsi davamlı xarakter alarsa, biznes, ipoteka və digər kreditlər üzrə faizlərə daha ciddi təsir göstərə bilər.

Yəni əsas məsələ Mərkəzi Bankın 5 faizlik aşağı hədd müəyyən etməsi deyil, əsas məsələ bu qərarın banklararası pul bazarında, depozitlərin qiymətində, bankların maliyyələşmə xərclərində və nəticədə kredit marjalarında nə qədər əks olunacağıdır. Bu zəncir işlədiyi halda kreditlərin ucuzlaşması üçün real iqtisadi əsaslar daha da güclənəcək.

Akif Nəsirli
Globalinfo.az

Paylaş: