dovlet budcesi

Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Nazirlər Kabinetində 2027-ci ilin dövlət və icmal büdcə layihələri müzakirə olunub. Layihəyə əsasən, gəlirlərin 39,234 milyard manat, xərclərin isə 42,4 milyard manat olacağı proqnozlaşdırılır. Müzakirələrin yekununda büdcə layihələrinin Prezidentə təqdim edilməsi qərara alınıb.

2027-ci ilin büdcə müzakirələri necə dəyərləndirilir? Büdcənin əsas prioritetləri hansı istiqamətlər olmalıdır və bu, əhalinin sosial vəziyyətinə necə təsir göstərə bilər?

Globalinfo.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı Vüqar Oruc deyib ki, dövlət büdcəsi ilə bağlı ilk növbədə rəqəmlərə deyil, onun əsas istiqamətlərinə diqqət etmək lazımdır:

“Xərclərin 44 faizinin sosial yönümlü olması Azərbaycan hökumətinin vətəndaşlara diqqətindən və sosial problemlərin həllinə yönəlmiş siyasətindən irəli gəlir. Eyni zamanda, müdafiə və milli təhlükəsizlik, azad edilmiş ərazilərin bərpası, təhsil, səhiyyə, rəqəmsallaşma və qeyri-neft sektorunun inkişafı büdcənin əsas prioritetləri kimi diqqət çəkir. 2027-ci il üçün ÜDM artımının 2,7 faiz, qeyri-neft sektorunda artımın isə 4,4 faiz proqnozlaşdırılması büdcənin genişlənməyə və iqtisadi inkişafın təmin edilməsinə yönəldiyini göstərir. Ölkəmiz qeyri-neft sektorunun inkişafına böyük diqqət yetirir. Bu, neftdən asılı iqtisadiyyatdan uzaqlaşaraq istehsala əsaslanan və qeyri-neft sektorunun inkişafını hədəfləyən iqtisadiyyata keçidin növbəti mərhələsidir. Büdcə hesablamalarında neftin qiymətinin 65 dollar götürülməsi risklərin nəzərə alınması baxımından məqsədəuyğun yanaşmadır. Düşünürəm ki, 2027-ci ildə sosial yönümlü büdcə vəsaitlərinin yeni iş yerlərinin yaradılmasına, iqtisadiyyatın xammal deyil, istehsal yönümlü inkişafına istiqamətləndirilməsi nəzərdə tutulmalıdır”.

vuqar

Vüqar Oruc

İqtisadçı qeyd edib ki, əməkhaqları və pensiyaların alıcılıq qabiliyyətinin qorunması, əhaliyə dəstəyin gücləndirilməsi, yeni iş yerlərinin yaradılması və sosial ödənişlərin artırılması prioritet istiqamətlərdən olmalıdır:

“Eyni zamanda, əhalinin ərzaq, mənzil, kommunal və tibbi xidmətlərə əlçatanlığı xüsusi nəzərə alınmalıdır. Hazırda qeydiyyata alınmamış, yəni qanunsuz hesab edilən evlərin, əmlakın qeydiyyata alınması, əmlak amnistiyasının həyata keçirilməsi də 2027-ci ildə reallaşdırılarsa, bu, büdcəyə əlavə gəlirlərin daxil olmasına və ölkə iqtisadiyyatının daha da güclənməsinə səbəb ola bilər.

Prioritet istiqamətlərdən biri də istehsal gücünün artırılması və yeni iş yerlərinin yaradılmasıdır. Bununla yanaşı, regionların sosial-iqtisadi inkişafının təmin olunmasına, əsas iş yerlərinin regionlarda yaradılmasına və tikinti sektorunun inkişafına xüsusi diqqət yetirilməlidir. Tikinti həcminin artırılması və bunun böyük hissəsinin regionlara yönəldilməsi yeni iş yerlərinin yaradılmasına, iqtisadi dövriyyənin genişlənməsinə imkan verəcək”.

Ekspert bildirib ki, orta əməkhaqqı səviyyəsi əhalinin ümumi əməkhaqqı imkanlarını və alıcılıq qabiliyyətini tam ifadə etmir:

“Bu baxımdan, minimum əmək haqqının 660 manata qaldırılması da məqsədəuyğun olardı. Həmçinin istehlak səbətinin həcminin artırılması, müavinət və pensiyaların yüksəldilməsi üçün güclü iqtisadiyyatın formalaşdırılması, istehsalın genişləndirilməsi vacibdir. 2027-ci il üçün qarşıya qoyulan iqtisadi hədəflərin həyata keçirilməsi iqtisadi islahatların və institusional tərəqqinin bundan sonra da davam etdirilməsi üçün şərait yaradacaq”.

İqtisadçı Əkrəm Həsənov isə bildirib ki, builki büdcə layihəsi də əvvəlki illərdəki kimi olacaq:

“Sosial öhdəliklərdə ciddi artım olacağını düşünmürəm. Yəni sosial ödənişlərdə inflyasiya səviyyəsindən yüksək artım gözlənilmir”.

Ləman İmran
Globalinfo.az

Paylaş: