Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-da iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb. Nazirlər davamlı yüksək səviyyəli əlaqələrin, qarşılıqlı hörmətin və mehriban qonşuluq münasibətlərinin vacibliyini vurğulayıblar.
Azərbaycan və İran prezidentlərinin 2026-cı ilin avqust ayında Bişkekdə keçirilən görüşü ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan daha bir mühüm addım kimi qeyd edilib. Həmçinin görüşdə regional təhlükəsizlik məsələləri müzakirə olunub, diplomatiya və dialoqun əhəmiyyəti, sülh və sabitliyin təşviqi vurğulanıb.
Bayramov-Əraqçi görüşü mövcud geosiyasi və regional proseslər fonunda necə dəyərləndirilməlidir? Pərdəarxasında başqa hansı məsələlər müzakirə edilmiş ola bilər?
Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, Ceyhun Bayramovla Abbas Əraqçinin ABŞ-da keçirdiyi görüşü Azərbaycan–İran münasibətlərində son dövrdə müşahidə olunan diplomatik fəallığın növbəti mərhələsi kimi qiymətləndirmək olar:
“Görüşün məhz Azərbaycan və İran prezidentlərinin avqust ayında Bişkekdəki təmasından qısa müddət sonra baş tutması təsadüfi görünmür. Prezidentlər səviyyəsində verilən siyasi mesajların xarici işlər nazirləri tərəfindən davam etdirilməsi Bakı ilə Tehran arasında dialoqun daha sistemli xarakter almağa başladığını göstərir.
Görüşün gündəliyində qarşılıqlı hörmət, mehriban qonşuluq, regional təhlükəsizlik və diplomatiyanın prioritet olması xüsusi vurğulanıb. Bu məqam xüsusilə İran ətrafında mürəkkəb geosiyasi vəziyyətin davam etdiyi bir dövrdə əhəmiyyətlidir. Azərbaycan üçün əsas məsələlərdən biri regionda mümkün eskalasiyanın ölkənin milli təhlükəsizliyinə, sərhədlərinə, nəqliyyat və enerji layihələrinə təsirinin qarşısının alınmasıdır. Tehran üçün isə Azərbaycanla birbaşa siyasi dialoqun qorunması Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıqlar fonunda mühüm əhəmiyyət daşıyır”.

Yusif Bağırzadə
Politoloq bildirib ki, görüşün pərdəarxası gündəliyində bir sıra həssas məsələlərin müzakirə olunması da mümkündür:
“Bunların sırasında İran–ABŞ münasibətlərinin gələcək istiqaməti, regional təhlükəsizlik, Azərbaycan–İran sərhədində sabitliyin qorunması, Ermənistan–Azərbaycan sülh prosesi və Cənubi Qafqazdakı nəqliyyat kommunikasiyaları xüsusi yer tuta bilər. Xüsusilə Zəngəzur istiqamətində kommunikasiyaların inkişafı Bakı–Tehran dialoqunun mühüm elementlərindən biri ola bilər.
Görüşün ABŞ-da, BMT Baş Assambleyasının diplomatik platforması çərçivəsində keçirilməsi də ayrıca diqqət çəkir. Bu, Azərbaycanın İranla dialoqu davam etdirərkən ABŞ və digər Qərb tərəfdaşları ilə münasibətlərini paralel şəkildə inkişaf etdirmək siyasətini nümayiş etdirir. Başqa sözlə, Bakı müxtəlif regional aktorlarla münasibətlərini bir-birinə alternativ deyil, paralel diplomatik kanallar kimi nəzərdən keçirir.
Ümumilikdə, Bayramov–Əraqçi görüşünü Azərbaycan–İran münasibətlərində qarşılıqlı risklərin idarə edilməsi, siyasi dialoqun davamlı saxlanılması istiqamətində növbəti addım kimi dəyərləndirmək daha doğru olar”.
Turan Rzayev
Globalinfo.az