bolqaristan 1

Avropa İttifaqı () və Bolqarıstan 2027-ci ilin birinci yarısında regional bağlantı məsələlərinə dair liderlərin ilk sammitini keçirəcək ki, bu da Aİ-nin Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında Orta Dəhlizin inkişafı üzrə müxtəlif iş istiqamətlərini birləşdirəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “Report”un Avropa bürosuna Avropa Komissiyasının rəsmi nümayəndəsi Giyom Mersye bildirib.

G.Mersye qeyd edib ki, bu, bağlantı üzrə bu formatda ilk tədbir olacaq və o, layihəni zəruri olan yüksək səviyyəli siyasi dəstəklə təmin etməlidir:

“Liderlərin sammiti Orta Dəhliz üçün zəruri olan yüksək səviyyəli siyasi dəstəyi təmin edəcək. Regiondakı strateji mövqeyini nəzərə alaraq, Bolqarıstan bütün tərəfdaşları bir masa arxasında toplamaq məqsədilə ilk belə tədbirə ev sahibliyi edəcək”.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen sentyabrın 16-da Avropa Parlamentində Aİ-dəki vəziyyətlə bağlı çıxışında Bolqarıstanın Baş naziri Rumen Radev ilə birlikdə bağlantı məsələlərinə dair regional sammitin keçiriləcəyini elan edib.

12 milyard avroyadək investisiya

Ursula Fon der Lyayen Orta Dəhlizi Cənubi Qafqaz və Mərkəzi Asiyanı birbaşa Avropa bazarı ilə əlaqələndirməli olan Aİ-nin yeni beynəlxalq layihəsi kimi təqdim edib.

Avropa İttifaqı “Global Gateway” investisiya strategiyası vasitəsilə bu istiqamətin inkişafı üçün 12 milyard avroyadək dövlət və özəl investisiyaları səfərbər etmək niyyətindədir.

“Məqsədimiz marşrutları şaxələndirmək, ticarət axınlarını üçqat artırmaq və 2030-cu ilə qədər yüklərin daşınma müddətini qısaltmaqdır”, – fon der Lyayen bildirib.

G.Mersye xatırladıb ki, Orta Dəhliz Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Cənubi Qafqazla birləşdirməli, daha sonra isə Türkiyə və Qara dəniz vasitəsilə Avropa bazarına çıxışı təmin etməlidir.

Avropa Komissiyasının qiymətləndirməsinə görə, marşrutun inkişafı ticarət üçün daha etibarlı və rəqabətədavamlı yolu təmin etməli, logistikanı sürətləndirməli, rəqəmsal əlaqələri yaxşılaşdırmalı və innovasiyalara, iş yerlərinin yaradılmasına və tədarük zəncirlərinin şaxələndirilməsinə töhfə verməlidir. Aİ həmçinin marşrutun inkişafını enerji təhlükəsizliyinin gücləndirilməsi ilə əlaqələndirir.

“Bu, həqiqətən də qarşılıqlı faydalı layihədir və “Global Gateway”in mahiyyəti də məhz bundan ibarətdir”, – G.Mersye bildirib.

Beləliklə, Brüssel indi Orta Dəhlizi təkcə nəqliyyat marşrutu kimi yox, 2027-ci ilin birinci yarısında Bolqarıstanda ilk liderlər sammitinin keçirilməsi ilə Aİ, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında infrastruktur, rəqəmsal və ticarət bağlantısının inkişafı üzrə daha geniş təşəbbüs kimi müəyyən edir.

Paylaş: