Azərbaycanın COP sədrliyində uşaqlarla bağlı uğurlu təşəbbüslər planı var və əminik ki, COP29-da uşaqları iqlim böhranından qorumaq üçün ciddi addımlar atılacaq.
Globalinfo.az bildirir ki, bunu “Report”un ABŞ bürosuna açıqlamasında BMT-nin Uşaq Fondunun (UNICEF) direktor müavini Kitti Van Der Heiyden deyib.
Kittinin sözlərinə görə, uşaqların iqlim dəyişkənliyindən daha çox təsirlənməsinə baxmayaraq bu məsələ uzun illərdir COP gündəliyinə salınmayıb: “UNICEF olaraq, iqlim dəyişikliyi ilə bağlı bütün fəaliyyətlərimizin əsas səbəbi – uşaqların iqlim dəyişikliyinə bənzərsiz şəkildə həssas olmasına baxmayaraq – bunun ciddi problem olaraq gündəmə gətirilməməsidir. Böyüklər iqlim planları, siyasəti və maliyyəsini müzakirə edərkən uşaqlar o masaların arxasında oturmurlar və bu proseslərin bir hissəsi deyillər”.
“Hər kəsin qəbul etməli olduğu dəhşətli bir statistika var. Belə ki, iqlim dəyişikliyindən qlobal olaraq sağlamlığı təsirlənənlərin 88%-i beş yaşdan kiçik uşaqlardır”, – o bildirib.
Fondun direktoru müavini qeyd edib ki, azyaşlılar iqlim dəyişikliyindən müxtəlif yollarla təsirlənir:
“Kifayət qədər qida olmaması, üzməyi bilməyən uşaqların daşqınların ortasında qalması, hamilə qadınların istilik dalğalarının təsiri nəticəsində erkən doğum və aşağı çəkili körpələrin dünyaya gəlməsi kimi hallar göstərir ki, uşaqlar iqlim dəyişikliyindən müxtəlif yollarla təsirlənir. Lakin onlar bizim kimi söz sahibi olub, öz problemlərini beynəlxalq səviyyədə dilə gətirmədikləri üçün bu problem iqlim tədbirlərində heç vaxt prioritet olaraq tanınmayıb”.
UNICEF rəsmisi Azərbaycanın COP sədrliyində uşaqlarla bağlı uğurlu təşəbbüslər planından danışıb: “COP28-də ilk dəfə 30 illik BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) tarixində uşaqların iqlim dəyişikliyinə qarşı unikal həssaslığı beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. COP29-u böyük həyəcanla gözləyirəm və Azərbaycanın COP29 sədrliyi ilə uğurlu əməkdaşlığımız var. Azərbaycan COP sədrliyində üç əsas məsələni gündəmdə saxlamalıdır. Birincisi, COP29-da uşaqların səsinin eşidilməsini təmin etmək istəyirik, çünki onlar gələcəklərinə təsir edən qərarlarda iştirak etməlidirlər. İkincisi, iqlim siyasətində uşaqların prioritet olması vacibdir. Hökumətlərin növbəti altı ay ərzində milli iqlim planlarını təqdim edəcəklərini bilirik. Azərbaycanın təklifi ilə reallaşan bu layihədə uşaqların sağlamlığına iqlim dəyişikliyinin təsirinin prioritet olmasını gündəmdə saxlayacaqlar. Bu, ölkələrə uşaqları qorumaq üçün önləyici tədbirlər planı həyata keçirməyə imkan verəcək. Üçüncü və ən vacib məsələ odur ki, iqlim maliyyəsinin prioritet olan yerlərə yönəlməsi təmin olunmalıdır. Uşaqlar sözün əsl mənasında bizim gələcəyimizdir, ancaq hazırda çoxtərəfli iqlim maliyyəsinin yalnız 2,4 %-i uşaqları iqlim böhranından qorumaq üçün ayrılıb. Azərbaycanın COP sədrliyində uşaqlarla bağlı uğurlu təşəbbüslər planı var və əminik ki, COP29-da uşaqları iqlim böhranından qorumaq üçün ciddi addımlar atılacaq”.