WhatsApp Image 2026 04 16 at 11.38.34

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti məktəblilərin geyim forması ilə bağlı yeni qərar qəbul edib. Qərara əsasən, təhsilin dünyəvilik prinsipinə uyğun olmayan və vahid formanı pozan geyim elementlərindən istifadəyə icazə verilməyəcək.

Yeni qərarın əhəmiyyəti nədən ibarətdir?

Globalinfo.az-a danışan Milli Məclisin elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib ki, bunun əsas məqsədi təhsil müəssisəsində vahid məktəb mühitinin və geyim mədəniyyətinin formalaşdırılmasıdır:

“Məktəb mühitində sosial statusundan və ailəsinin maddi imkanlarından asılı olmayaraq, bütün şagirdlər üçün bərabər şərait və imkanlar yaradılmalıdır. Azərbaycanda təhsil sistemi dünyəvi xarakter daşıyır. Dünyəvi təhsil müəssisəsi bütün şagirdlər üçün eyni və inklüziv olmalıdır. Vahid məktəb forması şagirdlər arasında bərabərliyin və vahid məktəb mühitinin təmin olunmasına xidmət etməlidir. Eyni zamanda, məktəbli forması şagirdlərdə kollektivlik, məktəbə aidiyyət, məsuliyyət və məktəb kimliyinin formalaşmasına töhfə verər. Eyni geyimdən istifadə şagirdlərin sosial statusunun və ailələrinin maddi imkanlarının ön plana çıxmasının qarşısını alır, sosial fərqliliyi və ayrı-seçkilik risklərini azaltmağa imkan yaradır”.

Ceyhun Memmedov 900x675 1

Ceyhun Məmmədov

Deputat qeyd edib ki, bu qaydalara əməl olunması məktəb, valideyn və müəllim əməkdaşlığının güclənməsinə də töhfə verəcək:

“Bu baxımdan vahid məktəbli geyimi təhsil prosesinin keyfiyyətinə dəstək verən amillərdəndir. Təhsil müəssisələrində daxili nizam-intizam qaydaları bütün şagird və valideynlərə eyni şəkildə tətbiq edilməlidir. Yalnız bu halda məktəb mühitində ayrı-seçkiliyin və hər hansı təqib hallarının qarşısını almaq mümkündür. Məktəb geyimi yalnız geyim məsələsi deyil, həm də təhsil, sosial adaptasiya və məktəb mədəniyyəti ilə bağlı məsələdir. Buna görə də bu yanaşmanın mahiyyəti düzgün dərk edilməli və nəzərə alınmalıdır”.

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri Əmrah Həsənli bildirib ki, Nazirlər Kabinetinin son qərarı təhsil mühitində nizam-intizamın gücləndirilməsi, vahid standartların tətbiqi və məktəb mədəniyyətinin formalaşdırılması baxımından əhəmiyyətli addımdır:

“Məktəb hər bir şagird üçün bərabər imkanların təmin olunduğu, intizam və təhsil prosesinin əsas olduğu xüsusi təlim-tərbiyə müəssisəsidir. Qərarda əks olunan dəqiqləşdirmələr məktəb mühitində vizual qarışıqlığın qarşısının alınmasına və daxili nizam-intizamın möhkəmləndirilməsinə xidmət edir. Vahid geyim forması şagirdlərdə məktəbə aidiyyət hissinin formalaşmasına və onların tədris prosesinə daha yaxşı köklənməsinə kömək edir. Geyimdə standartdan kənar elementlərin olmaması diqqətin xarici görünüşə deyil, təhsil prosesinə yönəldilməsinə imkan yaradır”.

emrah hesenli

Əmrah Həsənli

Ekspert əlavə edib ki, qərarda digər müsbət məqam məktəbin Pedaqoji Şurasının qərarı ilə xüsusi tədbirlərdə milli geyimlərdən istifadəyə şərait yaradılmasıdır:

“Bu, şagirdlərdə milli-mənəvi dəyərlərə hörmət və mədəni irsə bağlılıq hissinin gücləndirilməsinə töhfə verəcək. Burada əsas məsələ qaydaların icra mexanizminin düzgün qurulmasıdır. Valideynlər övladlarının geyim qaydalarına riayət etməsinə məsuliyyətlə yanaşmalı, məktəb rəhbərliyi və Pedaqoji Şura isə prosesi pedaqoji etika çərçivəsində tənzimləməlidir. Bütövlükdə, qərar məktəblərdə vahid standartların və nizam-intizamın təmin olunması, həmçinin sağlam təhsil mühitinin qorunması baxımından mühüm addımdır”.

Ləman İmran
Globalinfo.az

Paylaş: