“Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenskinin “Böyük iyirmilik” (G20) sammiti çərçivəsində görüşü mümkündür. Belə bir görüş “cekpot” olardı”.
Globalinfo.az xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb deyib.
Onun sözlərinə görə, yaxın zamanda Moskva ilə Kiyev arasında sülh sazişinin əldə olunması gözlənilmir.
“Lakin, məsələn, taxıl və ya enerji məsələləri ilə bağlı Qara dənizdə atəşkəsə dair hər hansı ideya və ya çərçivə sazişi ortaya çıxsa, düşünürəm ki, bu, düzgün istiqamətdə atılmış addım olardı”, – deyə Stubb bildirib.
Finlandiya Prezidenti yaxın həftələrdə sülh danışıqlarının davam etdiriləcəyinə, o cümlədən dekabr ayında Mayamidə keçiriləcək G20 sammitində Vladimir Putin və Volodimir Zelenskinin görüşə biləcəyinə ümid etdiyini deyib.
“Görək, Prezident Tramp G20 çərçivəsində nə edə biləcək. O, Zelenski ilə Putini eyni masa arxasında əyləşdirə biləcəkmi?”, – deyə Stubb vurğulayıb.
Bununla belə, o, hazırda danışıqların bu mərhələdən çox uzaq olduğunu deyib.
Əliyar Xəlil
Globalinfo.az