Şirkətin kontragentinin sonradan riskli vergi ödəyicisi elan edilməsi onunla əvvəlki əməliyyatların avtomatik olaraq əmtəəsiz hesablanması üçün əsas deyil.
Globalinfo.az xəbər verir ki, məhkəmə təcrübəsində belə mübahisələr zamanı əsas diqqət əməliyyatın faktiki icrasına, real iqtisadi mahiyyətinə və bunu təsdiqləyən sübutlara yönəldilir.
Əgər əməliyyat aparılan zaman kontragent riskli statusda olmayıbsa, elektron qaimə-faktura təqdim edilibsə, ödəniş bank vasitəsilə həyata keçirilibsə və mal faktiki təhvil verilibsə, həmin şirkətin sonradan riskli vergi ödəyicisi elan edilməsi əvvəlki əməliyyatın öz-özlüyündə əmtəəsiz olduğunu göstərmir.
Məsələn, şirkət 2025-ci ilin yanvarında başqa müəssisədən mal alıb, lakin bir neçə ay sonra satıcı riskli vergi ödəyicisi hesab olunub. Bu halda alıcının əməliyyat zamanı mövcud olan faktlar əsasında hərəkət etdiyi nəzərə alınmalıdır.
Mütəxəssislərin yanaşmasına görə, alıcı kontragentin gələcəkdə hansı vergi statusu əldə edəcəyini əvvəlcədən bilməyə bilər. Buna görə də qarşı tərəfin sonradan müəyyən edilən bütün vergi pozuntularının avtomatik şəkildə alıcının üzərinə keçirilməsi əsaslandırılmış yanaşma hesab edilmir.