Balaeli Xosrov 1

Meyxanaçıların “butulka davası” bu sənətin nümayəndələri arasındakı münasibətləri yenidən gündəmə gətirib. Belə ki, meyxanaçı Balaəlinin toy zamanı Xosrov Maştağalıya butulka atması tənqid olunur və ev sahibinə hörmətsizlik kimi qiymətləndirilir. Hadisə ilə bağlı müxtəlif fikirlər səslənir, hətta təklif olunur ki, toylarda meyxana ləğv edilsin.

Bəs meyxanaçılar arasında bu cür qarşıdurmalar əvvəllər də baş veribmi? Son hadisə meyxana sənətinə münasibətə necə təsir edə bilər?

Globalinfo.az-a danışan meyxanaçı Mehman Əhmədli deyib ki, əvvəlki meyxana məclisləri ilə indikilərin fərqlənməsinin səbəblərindən biri meyxana deyənlərin çoxalmasıdır:

“Bu, təkcə meyxanaya aid deyil, başqa sənət sferasında da belə hadisələr baş verir. Sadəcə, əvvəllər bu cür şeylərə tez-tez rast gəlinmirdi, indi isə artıb. Bu da meyxanaçıların çoxalması, bir-birinin sözünü kəsmələri və başqa səbəblərlə əlaqədardır. Ümumiyyətlə, meyxanalarda aqressiya artıb”.

Mehman ehmedli foto

Mehman Əhmədli

M.Əhmədlinin fikrincə, sözügedən hallar kənardan yaxşı görünmür:

“Belə şeyləri alqışlamırıq. Bu, ümumi olaraq meyxanaya ziyandır. Bütün meyxanaçılar da atdıqları hər addım fikirləşməlidirlər. Çünki artıq müəyyən qüvvəsi olan, camaatın tanıdığı bir adam, əlinə mikrofon alıb nəsə edirsə, bunu düşünməlidir. Özündən də qabaq sənətini fikirləşməlidir ki, etdiyi hərəkət sənətə ziyan vurur ya yox.

Demək olar ki, əksər meyxanaçılarla münasibətim yaxşıdır. Biz bir-birimizə qarşılıqlı hörmət edirik. Amma bu o demək deyil ki, sənətə kimsə zərbə vursa, mən bunu görməzdən gələrəm. Çalışıram ki, bacardığımız qədər davaların qarşısını alaq”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: