bas

İtaliya futbolunun əfsanəsi Canluici Buffon 48 yaşında yenidən təhsil almağa başlayıb.

Globalinfo.az xəbər verir ki, keçmiş İtaliya millisinin və “Yuventus”un qapıçısı yarımçıq qoyduğu orta təhsilini başa çatdırmaq üçün Piacenza şəhərindəki Marconi Özəl İnstitutuna qəbul olub.

Bildirilib ki, Buffonun məqsədi məktəbi bitirmək və orta təhsil diplomu almaqdır.

O, gənclik illərində təhsilini yarımçıq qoymuşdu.

Futbolçu vaxtilə diplomu satın aldığını etiraf edib və bunu həyatındakı ən böyük səhvlərdən biri adlandırıb.

48 yaşlı Buffon bu dəfə təhsilini heç bir qısa yol olmadan başa vurmaq qərarına gəlib. Onun üçün xüsusi təhsil proqramı hazırlanır.

Keçmiş qapıçı gündəlik dərslərdə iştirak etməyəcək, təhsilini əsasən distant formada davam etdirəcək və ilin sonunda buraxılış imtahanında iştirak edəcək.

Buffon qərarının səbəbini də açıqlayıb. O, bunu özü, valideynləri və övladlarına nümunə olmaq üçün etdiyini bildirib.

“Bunu özüm üçün, valideynlərim üçün və uşaqlarıma nümunə olmaq üçün istəyirəm. Məqsədim hələ də çoxlarının dəstəklədiyi ‘savadsız futbolçu’ stereotipini aradan qaldırmaqdır”, – deyə Buffon Piacenzanın “Libertà” qəzetinə bildirib.

Qeyd edək ki, Buffon daha əvvəl məhz Marconi İnstitutunda fərdi qaydada mühasibatlıq istiqaməti üzrə üçüncü sinfə keçid imtahanı verib. İndi isə illər sonra həmin təhsil müəssisəsinə qayıdaraq təhsilini tamamlamaq qərarına gəlib.

Paylaş: