2023-cü il sentyabrın 19-20-də Qarabağda keçirilən antiterror əməliyyatından sonra Azərbaycanın ərazi bütövlüyünün tam bərpası bölgədə yeni reallıq formalaşdırdı. Bundan sonrakı mərhələdə Azərbaycan və Ermənistan arasında sülh gündəliyi üzrə danışıqlar intensivləşdi və 2025-ci il avqustun 8-də Vaşinqtonda sülh sazişinin mətni paraflandı. Bu proses Cənubi Qafqazda uzunmüddətli sülh perspektivinin müzakirəsini də yeni mərhələyə çıxarıb.
Antiterror əməliyyatından sonra başlayan sülh prosesində Vaşinqtonda paraflanan saziş hansı mərhələnin əsasını qoydu? Bundan sonrakı prosesdə əsas gözləntilər nədən ibarətdir?
Globalinfo.az-a danışan deputat Soltan Məmmədov deyib ki, 19 sentyabr 2023-cü il Azərbaycan tarixində yeni bir səhifə oldu:
“2020-ci ildə Vətən müharibəsində qazandığımız qələbədən sonra həyata keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycan öz müstəqilliyini bütün ərazisində təmin etmiş oldu və separatçılığın kökünü kəsdi. Bu, beynəlxalq və dünya ictimaiyyətinə Azərbaycanın regionda sülhü təmin etmək, öz ərazi bütövlüyünü bərpa etmək, beynəlxalq hüquqa əsaslanan suverenliyini təmin etmək və onun davamlılığını qorumağa qadir olduğunu sübut etdi. Bu, 30 ilə yaxın müddətdə müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi və bu gün də həmin siyasəti davam etdirən möhtərəm Prezident İlham Əliyevin davamlı uğurlu daxili və xarici siyasətinin məntiqi nəticəsi idi”.
S.Məmmədov bildirib ki, dövlətimizin xarici siyasətinin ən böyük uğurlarından biri məhz Vaşinqtonda paraflanmış sülh müqaviləsi və onun davamı olaraq bu gün həyata keçirilən uğurlu sülh siyasətinə aparan xarici siyasətdir:
“Bu gün artıq beynəlxalq təşkilatlar və böyük dövlətlər Azərbaycanın sülhə xidmət edən xarici siyasətini, milli və regional təhlükəsizlik siyasətini dəstəkləyirlər.
Soltan Məmmədov
Bəzi revanşist qüvvələrin və bəzi ölkələrin bu prosesə zərbə vurmaq cəhdlərinə baxmayaraq, əminik ki, bu gün atılan addımlar, necə ki, möhtərəm Prezident bildirib, həyata keçirdiyimiz hər bir addımın əvvəlki addımın məntiqi davamı olması prinsipi əsasında davam etdiriləcək”.
Deputat daha bir maraqlı məqama toxunub:
“Əminliklə qeyd edə bilərik ki, bu gün həyata keçirilən siyasətin nəticəsi olaraq, paraflanmış sülh müqaviləsindən sonra Ermənistanın daxili siyasətində gedən proseslər və Azərbaycanın sülh sazişinin imzalanması üçün irəli sürdüyü tələblərin tam icra olunması, Zəngəzur dəhlizinin açılması, Ermənistan konstitusiyasında dəyişikliklərin həyata keçirilməsi və Azərbaycana qarşı ərazi iddialarının tam ləğv olunması nəticədə artıq iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına gətirib çıxaracaq. Bu siyasət təkcə Azərbaycanın təhlükəsizliyinə deyil, həm də regional təhlükəsizliyə xidmət edən siyasətdir.
Bütün dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Azərbaycanın regional təhlükəsizliyə verdiyi töhfəni çox yaxşı anlayır və artıq bunu hər bir ölkə və beynəlxalq təşkilat qəbul edir”.
Zaira Akifqızı
Globalinfo.az