Ermənistanda fəaliyyət göstərən iqtisadi operatorların maraqlarının pozulması Moskvanın müvafiq reaksiyası ilə nəticələnəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
Qaluzin bildirib ki, Moskva Ermənistanda rusiyalı iqtisadi operatorların qanuni maraqlarının qorunmasını diqqətlə izləyir.
Onun sözlərinə görə, bu maraqların pozulması təkcə Ermənistanın investisiya mühitinə zərər vurmayacaq, həm də Rusiya tərəfinin müvafiq reaksiyasına səbəb olacaq.
“Ermənistan tərəfi ilə təmaslarımız zamanı Rusiyaya məxsus biznes strukturlarının fəaliyyət şəraitini mütəmadi müzakirə edirik. Müxtəlif səviyyələrdə bizə bildirilib ki, rus investisiyaları üçün heç bir təhlükə yoxdur. Lakin gördüyümüz kimi, bu bəyanatlar tam şəkildə reallıqla üst-üstə düşmür. Hesab edirik ki, respublikada siyasi motivlərlə mülkiyyətin yenidən bölüşdürülməsi əlamətləri müşahidə olunur”, – deyə Qaluzin vurğulayıb.
Rusiya XİN başçısının müavini Ermənistan dəmir yolu şəbəkəsini idarə edən, “Rusiya Dəmir Yolları” ASC-nin törəmə şirkəti “Cənubi Qafqaz Dəmir Yolu” QSC-yə məxsus konsessiyanın üçüncü ölkəyə satılması ilə bağlı İrəvan rəhbərliyinin səsləndirdiyi fikirlərin də Moskva tərəfindən ciddi qəbul edildiyini açıqlayıb.
Qaluzinin sözlərinə görə, bəzi iddialarda Rusiyanın Ermənistandakı iştirakının Qərb sanksiyaları səbəbindən ölkəni rəqabət üstünlüklərindən məhrum etdiyi qeyd olunur. O isə bildirib ki, əslində vəziyyət əksinədir və Rusiya şirkəti uzun illər ərzində əldə etdiyi gəlirləri Ermənistanın dəmir yolu infrastrukturunun saxlanılması, yenilənməsi və inkişafına yönəldib.
Əliyar Xəlil