Xəbər verdiyimiz kimi, ADMİU tələbəsi Kənan Zindadil və bacısının “TikTok”da canlı yayım zamanı birinci kurs tələbələri ilə bağlı aşağılayıcı ifadələr işlətməsi ciddi müzakirələrə səbəb olub. Hadisədən sonra Kənan Zindadilin universitetdən xaric edilməsi isə birmənalı qarşılanmayıb.
Tələbənin bu səhvə görə təhsildən uzaqlaşdırılması doğru yanaşmadırmı?
Globalinfo.az-a danışan fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib ki, hadisəyə fərqli aspektlərdən – sərt cəza və ya ədalətli hüquqi addım prizmasından yanaşılması və elmi-pedaqoji, fəlsəfi-hüquqi şərhin verilməsi zəruridir:
“Ali təhsil müəssisəsi fərdin yalnız intellektual deyil, həm də sosial-mənəvi inkişaf sahəsidir və universitet rəhbərliyinin əsas vəzifəsi hər bir tələbə üçün psixoloji və fiziki cəhətdən təhlükəsiz təhsil mühiti formalaşdırmaqdır. ADMİU rektoru kifayət qədər təcrübəli təhsil işçisi və humanist dəyərlərə malik rəhbər olduğundan, heç şübhəsiz ki, prosesi həm hüquqi, həm də mənəvi baxımdan tam araşdırıb, ən doğru qərarı verib. Tələbələrin kütləvi şəkildə aşağılanması və hədələnməsi təhsil mühitinin fundamental prinsiplərinə birbaşa təhdid təşkil etdiyindən, digər yüzlərlə tələbənin təhlükəsizlik hüququnu qorumaq öhdəliyi fərdin maraqlarından üstün tutulmalıdır
İlqar Orucov
Tənqidçilər bəzən bu addımın kəskin olduğunu iddia etsələr də, məsələyə hüquq müstəvisində baxdıqda qərarın tamamilə qanunauyğun olduğu görünür. Çünki tələbə universitetə qəbul olarkən müəyyən daxili nizam-intizam qaydalarını qəbul edir”.
İ.Orucovun sözlərinə görə, ADMİU-nun İntizam komissiyası qərar qəbul edərkən universitetin daxili nizam-intizam qaydalarını da əsas götürüb:
“İkinci şans və rektorun rəhbərlik fəlsəfəsinin əsasını təşkil edən humanizm prinsipləri baxımından yanaşdıqda belə, hər bir şansın verilməsi xətanın xarakterinə mütənasib olmalıdır. Bu insident sadə bir fikir ifadəsi və ya yaradıcı nümayiş deyil, birbaşa bullinq və fiziki zorakılıq anonsu olduğundan, universitet daxilində bu növ davranışa göz yumulması təhsil müəssisəsində qeyri-sağlam mühitin formalaşmasına gətirib çıxara bilərdi.
Universitetdən xaric edilmə fərdin gələcək həyatının tamamilə məhv olması demək deyil, əksinə, onun öz xətalarından nəticə çıxarması və mənəvi baxımdan yetkinləşməsi üçün ciddi bir mənəvi-sosial dərs olmalıdır. Qanunvericiliyə uyğun olaraq gələcəkdə bərpa olunmaq və ya digər ali təhsil müəssisəsində təhsilini davam etdirmək hüququ tamamilə qapanmır. Universitetin atdığı addım hüquqi baxımdan qaçılmaz, pedaqoji baxımdan isə profilaktik tədbirdir”.
Zaira Akifqızı
Globalinfo.az