565

Ali təhsil müəssisələrinə builki qəbulun nəticələrinə əsasən, tələbə adını qazanan ən gənc abituriyentin 16 yaşı var.

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, Məmmədli Gülşən Rəşad qızı 621,2 balla Naxçıvan Dövlət Universitetinin Stomatologiya ixtisasına əyani təhsil forması üzrə dövlət sifarişi əsasında qəbul olunub.

Globalinfo.az bildirir ki, Modern.az 16 yaşlı Gülşən Məmmədli ilə əlaqə saxlayaraq onun qəbul nəticəsi ilə bağlı təəssüratlarını və gələcək planlarını öyrənib.

Gülşən Məmmədli bildirib ki, tibb sahəsinə marağı uşaqlıq illərindən yaranıb. Əvvəllər pediatr olmaq istəsə də, zaman keçdikcə tibbin müxtəlif istiqamətləri ilə maraqlanmağa başlayıb və nəticədə stomatologiya ixtisasını seçib.

“Uşaqlıqdan həkim olmaq istəmişəm. Əvvəllər uşaq həkimi olmağı düşünürdüm. Böyüdükcə gördüm ki, tibbin çoxsaylı sahələri var və hər birinin özünəməxsus dərinliyi mövcuddur. Stomatologiya qismətim oldu. İndi bu imkanı dəyərləndirmək istəyirəm”, – deyə o bildirib.

Ən gənc tələbə gələcəkdə təhsilini xaricdə davam etdirməyi də planlaşdırdığını qeyd edib:

“Universiteti bitirdikdən sonra xaricdə özümü inkişaf etdirmək, daha sonra isə yenidən ölkəmə qayıtmaq istəyirəm”.

Gülşən Məmmədli qəbul imtahanına hazırlıq prosesinin intensiv keçdiyini deyib. Onun sözlərinə görə, məktəb dərsləri ilə yanaşı repetitor yanında da hazırlaşıb:

“Günə görə dəyişirdi. Bəzən üç saat, bəzən beş-altı, hətta yeddi saat hazırlaşırdım. Səhər və axşam vaxt tapdıqca dərs oxuyurdum. Ümumilikdə gündə orta hesabla beş-altı saat hazırlığa vaxt ayırırdım”.

Bakıda yaşayan Gülşən seçim zamanı Azərbaycan Tibb Universitetini də qeyd etdiyini, lakin qəbul nəticəsinə əsasən Naxçıvan Dövlət Universitetinin tələbəsi olduğunu bildirib. O, Naxçıvanda təhsil almaq qərarında ailəsinin dəstəyinin mühüm rol oynadığını vurğulayıb.

“Əlbəttə, Azərbaycan Tibb Universitetini də seçimlərim arasında yazmışdım. Qismətimə Naxçıvan düşdü. Valideynlərim mənə çox dəstək olurlar. Mən də bu şansı əldən vermək istəmirəm. Əsas odur ki, seçdiyim ixtisas üzrə – stomatologiya sahəsində təhsil alacağam”, – deyə Gülşən Məmmədli əlavə edib.

Paylaş: