Ermənistan heç vaxt Rusiyanın 102-ci hərbi bazasının Gümrüdən çıxarılması məsələsini gündəmə gətirməyib.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı deyib.
“2018-ci ildən Rusiya Prezidenti və digər yüksək vəzifəli şəxslərlə danışıram. Heç vaxt, heç bir halda Rusiyanın 102-ci hərbi bazasının Ermənistandan çıxarılması məsələsini qaldırmamışam. Ümumiyyətlə, Ermənistanın heç bir nümayəndəsi belə bir məsələni gündəmə gətirməyib”, – deyə Paşinyan bildirib.
Baş nazir Rusiya Prezidenti Vladimir Putinin Bişkekdə verdiyi açıqlamanı da xatırladıb. Putin Ermənistan bazanın mövcudluğuna ehtiyac görmürsə, Rusiyanın onu Gümrüdən çıxarmağa hazır olduğunu bildirib.
“Bişkekdən İrəvana qayıtdıqdan bir gün sonra gördüm ki, Rusiya Prezidenti ‘Ermənistan hərbi bazanı çıxarmağımızı istəsə, biz bunu edəcəyik’ deyə açıqlama verib. Ermənistan heç vaxt 102-ci hərbi bazanın çıxarılması məsələsini qaldırmayıb. Lakin Rusiya Federasiyası hərbi bazanı çıxarmaq qərarına gəlsə, Ermənistan buna etiraz etməyəcək. Çünki hərbi bazanın Ermənistan Respublikasında mövcudluğu ölkə üçün həyati əhəmiyyət daşımır. Əgər Rusiya hərbi bazanı saxlamaq istəyirsə, biz bunun müzakirəsinə hazırıq. Bütün məsələ bundan ibarətdir”, – deyə baş nazir vurğulayıb.
Əliyar Xəlil