Sentyabrın 15-də yeni tədris ilinin başlaması ilə Bakıda nəqliyyat sıxlığının əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Məktəblərin və universitetlərin fəaliyyətə başlaması, səhər saatlarında avtomobillərin sayının çoxalması və valideynlərin övladlarını təhsil müəssisələrinə aparması paytaxt yollarında əlavə yük yaradacaq.
Bəs sentyabrın 15-də Bakıda həqiqətən də dəhşətli tıxac yaşanacaqmı?
Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, artıq üç ildir 15 sentyabrda dəhşətli tıxac olacağı deyilir:
“Aidiyyəti qurumlar səmərəli iş aparır və bunun qarşısını alırlar. Təbii ki, ilk dərs günü mənfi situasiyalar da, müsbət məqamlar da ortaya çıxa bilər. Amma bildiyim qədər, dövlət qurumları ciddi şəkildə hazırlaşıblar. Həm Dövlət Yol Polis İdarəsi, həm Yerüstü Nəqliyyat Agentliyi, həm Metropoliten, həm də digər aidiyyəti qurumlar artıq bir ay əvvəldən müxtəlif koordinasiyalı işlər görüblər. Ümid edirəm ki, elə də ağır bir situasiya yaranmayacaq”.
E.Muradlı deyib ki, bu il “Formula 1” yarışı ilə bağlı bəzi küçələrdə müəyyən korrektələr edilir:
“Hərəkəti tam məhdudlaşdırmırlar, bəzi küçələrin bir hissəsini bağlayırlar, bəzi hissələr isə açıq qalır. Yəni təxminən yarıdan çox hissəsi açıqdır. Məsələn, Hökumət Evinin arxa hissəsində də belə korrektələr edilir.
Təbii, ilk dərs günü olduğuna görə xüsusilə birinci sinfə gedən uşaqları valideynlərlə yanaşı, qohum-əqrəba da məktəbə yola salır. Belə olan halda məktəblərin ətrafında günün birinci yarısına qədər sıxlığın yaşanmasını gözləyirik. Çünki məsələn, uşaq birinci sinfə gedir, ata, ana, baba, nənə, dayı, bibi, xala hamısı yığışıb onu məktəbə aparır ki, şəklini, videosunu çəkib paylaşaq. Belə şeylər mümkün qədər yayınmaq lazımdır”.
Zaira Akifqızı
Globalinfo.az