Serj Sargsyan 9

“Son illərdə getdiyim müxtəlif yaşayış məntəqələrində insanlardan “2018-ci ildə baş verən hadisələr zamanı Serj Sərkisyan niyə atəş açmadı?” sualını tez-tez eşidirəm”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş deputatı Naira Zöhrabyan deyib.

“2018-ci ildə mümkün atəş açılması zamanı hətta bir nəfərin yaralanması və ya həlak olması beynəlxalq ictimaiyyətin reaksiyasına səbəb ola, bu isə daha ağır nəticələrə gətirib çıxara bilərdi. Belə bir qərar ölkədə xaosun yaranmasına, Ermənistanın inkişafının onilliklər geriyə getməsinə gətirib çıxarardı”, – deyə o qeyd edib.

Sabiq deputat bildirib ki, Sərkisyan doğru addım atıb:

“Yəni düşünülmüş qərar qəbul edildi. Sonradan bəlkə də martın 1-nə şükür edəcəkdik”.

Qeyd edək ki, 2018-ci ildə Ermənistanda “Məxməri inqilab” kimi tanınan kütləvi etirazlar baş verdi. Etirazlar Serj Sərkisyanın prezidentlik müddəti başa çatdıqdan sonra baş nazir postuna keçməsinə qarşı başladı. Aprelin 23-də Sərkisyan istefa verdi, mayın 8-də isə Nikol Paşinyan baş nazir seçildi.

Xatırladaq ki, Ermənistanda 2008-ci il prezident seçkisindən sonra Levon Ter-Petrosyanın tərəfdarları Serj Sərkisyanın qələbəsinə etiraz olaraq İrəvanda kütləvi aksiyalar keçirirdi. Martın 1-də polis və təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında toqquşmalar baş verdi. Nəticədə 10 nəfər öldü, yüzlərlə insan yaralandı və Robert Köçəryan fövqəladə vəziyyət elan etdi. Naira Zöhrabyanın “sonradan bəlkə də martın 1-nə şükür edəcəkdik” deməsi, məhz 2008-ci ilin “1 mart hadisələri”nə istinaddır.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: