“Kənd Təsərrüfatı Nazirliyi, nəhayət ki, iri və xırdabuynuzlu mal-qaranın sayının azalmasını, bununla da ölkədə ətin kəskin bahalaşmasını gördü və bu sahədə yeni subsidiyaların tətbiqinə qərar verdi”.
Globalinfo.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, subsidiya şərtləri elə elan edilib ki, yenə kəndli, kiçik-orta sahibkar, fermerlər kənarda qalacaq:
“Məsələn, istifadəsində azı 100 hektar örüş və ya otlaq sahəsi olan 500 baş və ya daha artıq xırdabuynuzlu heyvan olan təsərrüfatlarda qeydiyyatda olan heyvana görə 4 manat subsidiya veriləcək. Subsidiyanın verilməsində əsas şərt təsərrüfatlara istifadə üçün verilmiş örüş və otlaqlarda münbitliyin və biomüxtəlifliyin artırılmasıdır.
Yaxşı, ölkədə hansı kiçik-orta sahibkarın, fermerin 100 hektar torpağı, 500 və daha artıq baş qoyun-keçisi var?! Bu subsidiyaları kim alacaq? 500 qoyunu olan üçün ildə cəmi 2000 manat subsidiya veriləcəksə, bu hansı dərdə dərman olacaq?! Hələ bu 2000 manatı almaq üçün otlaqlarda, örüş yerlərində münbitlik, biomüxtəliflik artmalıdır – bunun kriteriyaları nədir?!
Bu yaxınlarda suvarma üçün suyun qiyməti qalxdı, münbitliyin artırılması üçün Allaha dua edib yağış istəməklə yanaşı, suvarmaq da lazımdır. İldə bir neçə dəfə suvarsalar, elə 2000 manatı su pulu kimi verməli olmayacaqlarmı?! Biomüxtəlifliyi təmin etmək üçün xərc lazımdır, 2000 manat bu xərci qarşılayacaqmı?!
Bu suallara cavab vermək lazımdır, əlaqədar qurumlar, müəyyən addımlar atmaq istəyir, bu yaxşıdır. Amma belə təklifləri necə hazırlayırlar, subsidiyaların effektivliyini necə hesablayırlar?!”.
Safura Bənnayeva
Globalinfo.az