Deputat Vüqar Bayramov bir neçə gün əvvəl qanunvericiliklə müəyyən edilmiş kateqoriyalara aid şəxslərin dövlətdən pulsuz mənzil ala biləcəyini açıqlayıb.
Deputat bu kateqoriyalara şəhid ailələri, qazilər, birinci qrup əlilliyi olan şəxslər və Çernobıl qəzası nəticəsində əlilliyi yaranmış vətəndaşların daxil olduğunu bildirib.
Açıqlamadan sonra sosial şəbəkələrdə müharibə iştirakçılarının da mənzil təminatı ilə bağlı suallar səsləndirilib. Bəs gələcəkdə müharibə iştirakçıları üçün də dövlət hesabına mənzil təminatı nəzərdə tutula bilərmi?
Globalinfo.az-a İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib ki, hazırda güzəştli mənzil almaq hüququ olan əsas kateqoriyalara şəhid ailələri, qazilər, birinci qrup əlilliyi olan şəxslər və Çernobıl qəzası nəticəsində əlilliyi yaranmış vətəndaşlar daxildir:
“Bu kateqoriyadan olan vətəndaşların dövlət hesabına mənzillə təmin edilməsi prosesi artıq yekunlaşmaq üzrədir. Lakin gələcəkdə sosial mənzil layihələrinin əhatə dairəsinin daha da genişləndirilməsi mümkündür.
Azər Badamov
Dövlətin iqtisadi imkanları genişləndikcə sosial dəstək proqramlarının da genişləndirilməsi üçün imkanlar yaranır”.
A Badamov bildirib ki, gələcəkdə müharibə iştirakçılarının da ayrıca kateqoriya kimi mənzil təminatı proqramına daxil edilməsi nəzərdən keçirilə bilər:
“Amma hazırkı mərhələdə, yəni bu gün üçün müharibə iştirakçılarının dövlət hesabına mənzillə təmin edilməsi ilə bağlı ayrıca qərar və ya konkret proqram gündəmdə deyil. Ona görə də hazırda bu məsələ ilə bağlı hər hansı konkret gözləntinin formalaşdırılması düzgün olmaz. Lakin dövlətin maliyyə imkanları və sosial siyasətin prioritetləri nəzərə alınmaqla, gələcəkdə bu istiqamətdə də yeni qərarların qəbul edilməsi mümkündür”.
Zaira Akifqızı
Globalinfo.az