2024-cü ildə Çində aparılan bir araşdırma 1-ci tip diabetin müalicəsi ilə bağlı mühüm elmi nəticə ilə yadda qaldı. Alimlər kök hüceyrələrdən əldə olunan insulin istehsal edən hüceyrələri xəstənin orqanizminə köçürərək onun yenidən öz insulinini istehsal etməsinə nail oldular. Təcrübədə iştirak edən xəstənin bir ildən artıq müddətdə insulin inyeksiyasına ehtiyac duymaması isə bu üsulun gələcəkdə diabetin müalicəsində yeni imkanlar yarada biləcəyinə dair ümidləri artırdı. Bununla belə, söhbət hələ geniş tətbiq olunan müalicədən yox, ilkin klinik nəticələrdən gedir və metodun uzunmüddətli təhlükəsizliyi və effektivliyi əlavə araşdırmalarla təsdiqlənməlidir.
2024-cü ildə Çində tətbiq olunan bu kök hüceyrə müalicəsi 1-ci tip diabet üçün nə dərəcədə perspektivlidir? Bu üsulun Azərbaycanda da gələcəkdə tətbiq olunması və xəstələr üçün əlçatan olması mümkündürmü?
Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla qeyd edib ki, əslində, orqanizmdə müəyyən hüceyrələrin yenilənməsi istiqamətində bu üsullardan artıq istifadə olunur:
“Məsələn, bu, xüsusilə onkoloji xəstəliklərin, o cümlədən kəskin leykozların müalicəsində sümük iliyinin transplantasiyası zamanı tətbiq edilir. Bu zaman nəql qohumdan, yaxın adamdan və yaxud eyni qan qrupuna uyğun donordan həyata keçirilə bilər. Bununla yanaşı, digər perspektivli üsullar da mövcuddur. Hazırda donuz orqanizmində genetik modifikasiya, gen mühəndisliyi və molekulyar biologiyanın nailiyyətləri əsasında müəyyən orqanların insan orqanizmi ilə uyğunlaşdırılması istiqamətində ciddi işlər aparılır. Bu sahədə proses artıq eksperimental mərhələdən klinik təcrübəyə keçməkdədir. Əgər bu istiqamət uğurla inkişaf edərsə, dünyada orqan transplantasiyası ilə bağlı donor problemi əhəmiyyətli dərəcədə aradan qalxa bilər. Bu, bir sıra xəstəliklərin, o cümlədən birinci tip şəkərli diabetin müalicəsi üçün də yeni imkanlar yarada bilər. Söhbət insulin istehsal edən hüceyrələrin transplantasiyasından gedir”.
A.Qeybulla deyib ki, istənilən elmi nailiyyət müsbət qarşılanmalıdır:
“Lakin həmin nailiyyətlərin hansı nəticələr verəcəyi, nə dərəcədə funksional olacağı və elmi sınaqlardan hansı səviyyədə keçəcəyi barədə indidən dəqiq fikir söyləmək çətindir. Düşünürəm ki, şəkərli diabetin müalicəsi, xüsusilə də dərman preparatlarının qəbuluna ehtiyac qalmadan bu xəstəliyin tam müalicəsi istiqamətində aparılan işlərlə yanaşı, bir məqamı da nəzərə almaq lazımdır ki, istənilən halda, hətta birinci tip diabetlə bağlı bu məsələ öz həllini tapsa belə, həyat tərzində əsaslı dəyişikliklərin edilməsi ən azı müalicənin özü qədər vacibdir.
Adil Qeybulla
Yəni orqanizmə qəbul edilən kalori ilə sərf olunan kalori arasında balans olmalıdır. İnsan daha az qidalanmalı və daha çox hərəkət etməlidir. Amma bizdə çox vaxt bunun əksi baş verir. Belə olan halda isə bu, diabetə aparan yollardan birinə çevrilir. Biz həmişə ikinci yolu seçirik”.
Adil Qeybulla bu məsələlərlə bağlı Milli Sağlamlıq Proqramının hazırlanmasına, maarifləndirmə və təbliğat işlərinin genişləndirilməsinə ehtiyac olduğunu bildirib:
“İnsanlar bu sahədə yanlış təsəvvürlərə malik olmamalıdırlar. Bununla yanaşı, istər mezenximal hüceyrələr, istər kök hüceyrələri, istərsə də müxtəlif orqanlardan digər reparasiya metodlarının tətbiqi istiqamətində bu gün kifayət qədər ciddi araşdırmalar aparılır. Həmçinin bəzi orqanlarda mövcud olan sağlam hüceyrələrin artırılması və çoxaldılması, onların xüsusi inkubatorlarda və ya termostatlarda yetişdirilməsi ilə bağlı da xeyli işlər görülür. Bütün bunlar göstərir ki, bu sahədə genişmiqyaslı tədqiqatlar davam edir. Əlbəttə, bu elmi nailiyyətlərin hansı mərhələdə praktik və geniş tətbiq olunan müalicə üsuluna çevriləcəyi, başqa sözlə, nə dərəcədə vətəndaşların istifadəsinə təqdim edilə biləcəyi zaman keçdikcə daha aydın olacaq”.
Zaira Akifqızı
Globalinfo.az