ky 11

Kiyevdə gecə saatlarında baş verən raket hücumu dəmir yolu infrastrukturunda ağır itkilərə səbəb olub. Zərbə nəticəsində 7 nəfərin öldüyü, onlardan 6-nın “Ukrayna Dəmir Yolları”nın əməkdaşı olduğu açıqlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı şirkətin rəhbəri Aleksandr Pertsovski sosial şəbəkə hesabında yayımladığı paylaşımda verib.

Onun sözlərinə görə, hücum zamanı müəssisənin əməkdaşlarından biri də yaralanıb. Yaralı şəxs xəstəxanaya çatdırılıb və hazırda tibbi yardım alır.

Pertsovski zərbənin əvvəlcədən müəyyən edilmiş obyektə endirildiyini bildirib. Hücum nəticəsində dəmir yolu deposunun yaxınlığındakı sex tamamilə dağılıb.

Ərazidə yaranan yanğınların söndürülməsi və dağıntıların aradan qaldırılması üzrə işlər davam edir. Şirkət rəhbərinin məlumatına görə, xilasedicilər hələ də bir neçə yanğın ocağının qarşısını almağa çalışırlar.

Raket zərbəsi dəmir yolu nəqliyyatına da təsirsiz ötüşməyib. Hadisədən sonra iki dəmir yolu xəttində hərəkət müvəqqəti dayandırılıb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: