Futbol üzrə dünyanın ən prestijli fərdi mükafatı hesab olunan “Qızıl top”un 2025/26 mövsümü üzrə namizədlərinin elan ediləcəyi tarix məlum olub.
Globalinfo.az xəbər verir ki, “France Football”un məlumatına əsasən, bütün kateqoriyalar üzrə qısa siyahılar sentyabrın 8-də ictimaiyyətə təqdim olunacaq.
Mükafatlandırma mərasimi isə oktyabrın 26-da İngiltərənin paytaxtı Londonda keçiriləcək. Bu il “Qızıl top”un təqdimatının 70 illiyi qeyd olunacaq.
Sentyabrın 8-də aşağıdakı nominasiyalar üzrə namizədlər açıqlanacaq:
“Qızıl top” – kişilər və qadınlar üzrə 30 namizəd;
Ən yaxşı gənc futbolçu – kişilər üzrə 10, qadınlar üzrə 5 namizəd;
Ən yaxşı qapıçı – kişilər üzrə 10, qadınlar üzrə 5 namizəd;
Ən yaxşı məşqçi – kişi və qadın futbolu üzrə 5 namizəd;
Ən yaxşı hücumçu – kişilər üzrə 10, qadınlar üzrə 5 namizəd;
Ən yaxşı klub – kişi və qadın futbolu üzrə 5 klub.
İlkin favoritlər sırasında Lamin Yamal, Harri Keyn, Kilian Mbappe, Maykl Olise və Xviça Kvaratsxeliya göstərilir. Ötənilki “Qızıl top”un sahibi Usman Dembele də bu il titulunu qorumaq üçün mübarizə aparacaq.
Qeyd edək ki, “Qızıl top” mükafatı 1956-cı ildə “France Football”un keçmiş baş redaktoru Qabriel Ano tərəfindən təsis edilib. İlk qalib İngiltərə futbolunun əfsanəsi Stenli Mettyuz olub.
Mükafatın rekordçusu isə 8 dəfə “Qızıl top” qazanan Lionel Messidir. 1995-ci ildən etibarən mükafat bütün millətlərdən olan futbolçular üçün əlçatan olub, 2007-ci ildən isə coğrafi məhdudiyyətlər tamamilə aradan qaldırılıb.