pezeskiannn

İran Prezidenti Məsud Pezeşkian hazırda Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldırmaq üçün zəmin yarandığını bildirib.

Onun sözlərinə görə, İran üçün Azərbaycan, Səudiyyə Ərəbistanı, Türkiyə, BƏƏ, Qətər, Oman, Misir və Türkmənistanla əlaqələri yeni səviyyəyə qaldırmaq və mühüm sazişlər imzalamaq üçün tamamilə əlverişli zəmin yaranıb.

Pezeşkian bildirib ki, güc dilində danışmaq heç bir nəticə vermir, çünki qarşı tərəf də buna eyni şəkildə cavab verir. Tehran buna görə regionda dialoq və mehriban qonşuluq siyasətinə üstünlük verir.

Globalinfo.az-a danışan politoloq Tamilla Qulami deyib ki, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycanla bağlı bu fikirləri müsbət siyasi siqnaldır:

“Lakin Azərbaycanİran münasibətlərinin gələcəyini yalnız bir prezidentin şəxsi mövqeyi ilə izah etmək və ya müəyyənləşdirmək təəssüf ki, qənaətbəxş deyil. İranın siyasi sistemi çoxmərkəzli və mürəkkəb qərarvermə mexanizminə malikdir, xüsusilə də, xarici siyasət, regional təhlükəsizlik və hərbi məsələlərdə SEPAH-ın və digər güc strukturlarının təsir imkanları kifayət qədər genişdir. Bu səbəbdən də Pezeşkianın konstruktiv yanaşması münasibətlərin yumşalmasına təsir edə bilər, amma bütün problemləri təkbaşına aradan qaldırmaq imkanına malik deyil.

Bütün bunlara rəğmən, məncə, Pezeşkianın mövqeyini də kiçiltməməliyik. Prezident səviyyəsində Azərbaycanla dialoqun, iqtisadi əməkdaşlığın, nəqliyyat layihələrinin və qarşılıqlı etimadın inkişaf etdirilməsi istiqamətində ardıcıl siyasi iradənin nümayiş etdirilməsi münasibətlər üçün mühüm atmosfer yaradır. ABŞ-İsrail tandemi ilə müharibədən sonra İranın daxilində praqmatik və daha sərt siyasi yanaşmaların mövcudluğu son dövrlərdə tez-tez görünür. Xarici təzyiqlərin və ağır iqtisadi vəziyyətin fonunda Pezeşkian kimi praqmatik siyasətçilərin regional qonşularla münasibətlərin normallaşdırılmasında maraqlı olması çox normaldır. Əsas məsələ də ondan ibarətdir ki, görəsən, Tehran Azərbaycanla münasibətlərə hansı strateji prizmadan baxacaq. Əgər Azərbaycan İran üçün rəqib qüvvələrin regiondakı platforması kimi deyil, təhlükəsizlik, ticarət və kommunikasiya baxımından vacib qonşu və tərəfdaş kimi qəbul edilərsə, münasibətlərdə ciddi irəliləyiş mümkündür. Əksinə, SEPAH daxilində və digər sərt siyasi dairələrdə Azərbaycanla bağlı şübhə və təhlükəsizlik narahatlıqları dominant olaraq qalarsa, ən kiçik regional hadisə belə yenidən gərginlik yarada bilər. Regionda baş verən hadisələr də göstərdi ki, siyasi dialoqla təhlükəsizlik strukturlarının davranışı arasında fərq yarandıqda ikitərəfli münasibətlər olduqca həssaslaşır”.

Tamilla
Tamilla Qulami

Politoloq bildirib ki, yaxın perspektivdə Azərbaycanİran münasibətlərində ən real ssenari tam strateji yaxınlaşma deyil, ehtiyatlı normallaşma və praqmatik əməkdaşlıqdır:

“İki ölkəni bir-birindən uzaqlaşdırmaq istəyən geosiyasi amillər olduğu kimi, onları əməkdaşlığa məcbur edən ciddi reallıqlar da var. Sərhəd təhlükəsizliyi, ticarət, Şimal–Cənub nəqliyyat dəhlizi, enerji və humanitar əlaqələr hər iki tərəf üçün qarşılıqlı maraq yaradır. Azərbaycan da rəsmi səviyyədə tərəflərin arasındakı münasibətlərin dostluq, qonşuluq və qarşılıqlı hörmət prinsipləri üzərində qurulmasının vacibliyini vurğulayıb.

Ümumilikdə, İranın əvvəlki prezidentlərinin və SEPAH rəhbərliyinin Azərbaycana münasibəti daim aqressiv olub. Bunun da obyektiv və subyektiv fundamental səbəblərinin nə olduğunu hər kəs bilir.

Amma yenə də qeyd edim ki, Pezeşkianın mövqeyi münasibətlərin yaxşılaşması üçün fürsətdir, lakin təminat deyil. Bu fürsətin real nəticəyə çevrilməsi üçün Tehranın bütün siyasi və təhlükəsizlik institutlarında Azərbaycanla bağlı vahid və qarşıdurmadan uzaq siyasət formalaşmalıdır. Bakı isə təbii olaraq münasibətlərdə yalnız bəyanatlara deyil, konkret addımlara diqqət yetirir. Əgər qarşılıqlı etimad real davranışla möhkəmləndirilərsə, iki ölkə münasibətlərində yeni mərhələyə keçidi görə bilərik. Əks halda, isti siyasi bəyanatlarla sərt təhlükəsizlik ritorikasının paralel mövcudluğu Azərbaycan–İran münasibətlərinin əsas zəif nöqtəsi olaraq qalacaq. Halbuki İran regionda dalana dirənərsə, yeganə sığınacaq yeri yenə də Azərbaycan olacaq”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: