kerim sahin

Globalinfo.az güneyli mühəndis və şair Kərim Şahinin oğlu Teoman Şahinlə müsahibəni təqdim edir:

– Teoman bəy, atanız Kərim Şahin Cənubi Azərbaycanın Yekankəhriz kəndində dünyaya göz açıb. Nurullah xan və Baxşəli xan Yekani nəslinə mənsub olub. O, mühəndis və şair olmaqla yanaşı, ictimai fəal kimi də tanınır. İstərdim bu barədə bir qədər danışasınız.

– Atam, rəhmətlik Kərim Şahin, çox uca və incə ruhlu bir insan idi. Millətinə, mədəniyyətinə və doğma torpağına çox bağlı idi. Bunu onun həyatının hər anında görmək mümkün idi. O, xüsusilə uşaqları çox sevirdi. Məhz uşaqlara olan sevgisini milli-mədəni dəyərlərə bağlılığı ilə birləşdirərək “Çiçəklər” qrupunu yaratmışdı. Onun əsas məqsədi Azərbaycanın uşaqlarının öz milli mədəniyyəti, adət-ənənələri və musiqisi ilə tanış olması idi.

Atam siyasətdə və cəmiyyətdə gördüyü ədalətsizliyə qarşı çox həssas idi. Haqsızlıq qarşısında susa bilmirdi. İctimai fəaliyyətində də əsas mövqeyi bundan ibarət idi: insan öz xalqının hüququna, kimliyinə və ləyaqətinə qarşı olan ədalətsizliklərə biganə qalmamalıdır.

– Görünür, bu düşüncə hələ erkən yaşlarından onda olub. Yeniyetməlik illərində “Öz cəmiyyətiniz haqqında nə bilirsiniz?” başlıqlı bir inşaya görə iki günlük həbs edilir. O vaxtdan cəmiyyətdə gördüklərinə qarşı üsyana qalxır. Bir inşaya görə həbs cəzası çox ağır deyil?

– Əlbəttə, xüsusilə bir uşaq və ya yeniyetmə üçün çox ağır cəza idi. Amma atam hələ uşaqlıq yaşlarından cəmiyyətdə baş verən zülmü, ədalətsizliyi və xalqının hansı vəziyyətdə olduğunu görürdü. Bütün bunlara göz yummaq onun xarakterinə uyğun deyildi. O inşanı da məhz gördüklərinə və düşündüklərinə görə yazmışdı. Təbii ki, həqiqəti deməyin və haqsızlığa qarşı çıxmağın hər zaman bir bədəli olub. Atam da bunu çox erkən yaşlarında yaşamışdı.

– Onun Xalq şairi Bəxtiyar Vahabzadə ilə xatirə fotosu var. Vahabzadənin yaradıcılığında və həyatında Rusiya (və ya keçmiş SSRİ) imperiya siyasətinə, tarixi ədalətsizliklərə qarşı sərt tənqid, milli azadlıq və ana dili uğrunda mübarizə əsas yer tuturdu. Onları sizcə, nə birləşdirirdi? Kərim Şahinin İran rejiminə qarşı yanaşması necə idi?

– Ayrılıq illəri bizim üçün çox çətin keçdi. Şimali Azərbaycan müstəqilliyini qazandıqdan sonra yollar açıldı və biz oradakı soydaşlarımız, qohumlarımızla görüşməyə başladıq. Atam da ilk fürsətdə Şimali Azərbaycana getdi. Onları birləşdirən əsas məsələ milli düşüncə, ana dilinə və milli kimliyə bağlılıq, eləcə də tarixi ədalətsizliklərə qarşı mövqe idi. Atamın yaradıcılığında və düşüncəsində bu mövzular çox güclü yer tuturdu. O, xüsusilə milli kimlik, dil və ədalət məsələlərinə həssas yanaşırdı.

Bu fikirlərini o, şeirlərində də ifadə edirdi. Məsələn, Kərim Şahinin “Araz” adlı şeirindən bir neçə misra bunu çox gözəl göstərir:

Bir gün olar bu lıl sular durular,
Araz üstdə yüzlər körpü qurular.
Bir gün olar, təxtar bizim yarımız,
Bir də qalar sel aparmış saramız.

Atamın İran rejiminə münasibətində əsas xətt xalqın milli kimliyinin, dilinin, mədəniyyətinin və hüquqlarının qorunması idi. O, bu məsələlərdə susmağı heç vaxt doğru hesab etmirdi.

teoman sahin

Teoman Şahin

– Mühəndis Kərim Şahin 22 Mordad 1373-cü il gecəyarısı (13 avqust 1994-cü il) şübhəli bir qəza nəticəsində həyatını itirib. Bu qəzanın şübhəli olduğunu deməyə əsas verən səbəb nə idi? Hadisənin yenidən araşdırılması üçün müraciət etməyi heç düşünmüsüzmü?

– Atamın ölümü ilə bağlı dosyenin araşdırılması üçün ailə olaraq çox böyük çətinliklərlə üzləşmişik. Hətta sonradan dosyenin itməsi kimi çox ciddi problemlə də qarşılaşdıq. Dosyedə hadisənin şübhəli olduğunu düşündürən bir sıra məqamlar var və biz ailə olaraq bunların aydınlaşdırılmasını çox istəyirik. Amma bunun üçün ilk növbədə demokratik və hüquqa əsaslanan bir sistemin olması lazımdır. Hazırkı şəraitdə bunun mümkünlüyünü görmürəm. Ümid edirəm ki, bir gün dosye yenidən açılacaq və bütün suallara hüquqi şəkildə cavab veriləcək.

Atamın həyatında əsas prinsiplərdən biri ədalət və xalqın öz kimliyinə sahib çıxması idi. Məncə, tarixə, dilə, milli kimliyə və ədalətə münasibət ayrı-ayrı mövzular deyil; bunların hamısı bir xalqın öz taleyinə sahib çıxması məsələsidir.

– Söhbətimizi istərdim son zamanlar İranda atılan radikal addımlar və Tehran-Bakı münasibətləri kontekstində davam etdirək. İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arifin “Farsdilli ölkələr və regionlar birliyi” təklifi necə izah edilə bilər?

İran hazırda siyasi, geosiyasi və xüsusilə enerji dəhlizləri baxımından bir sıra proseslərin kənarında qalır və əvvəlki rolunu itirmək təhlükəsi ilə üzləşir. Məncə, belə təşəbbüslər İranın təsir imkanlarını yenidən artırmaq cəhdidir.

Amma bunun real nəticə verəcəyinə inanmıram. Çünki farsdilli ölkələr belə eyni siyasi və ideoloji baxışa malik deyillər. Dil amili təkbaşına birləşdirici faktor deyil.

– Xəzər dənizinin adının dəyişdirilməsi ilə bağlı kampaniyalar barədə fikriniz nədir?

– Məncə, bu cür kampaniyalar ciddi əhəmiyyət daşımır. Bu, daha çox anti-türk və tarixi izləri zəiflətməyə yönəlmiş yanaşmadır. Beynəlxalq səviyyədə qəbul olunmuş coğrafi adlar var və əsas olan da budur. Ulu öndər Heydər Əliyevin də bu mövzuda mövqeyi çox aydın idi: biz beynəlxalq səviyyədə qəbul olunmuş adı tanıyırıq.

– İranın media ilə bağlı yeni qanunu və regionda informasiya gərginliyi barədə nə düşünürsünüz? İrandan Azərbaycana efir hücumu və Rusiyada ölkəmiz əleyhinə ardıcıl verilişlərdə edilən çıxışlar – bu sinxron fəaliyyətin hədəfi nədir? Bir jurnalist olaraq bu məsələyə münasibət bildirməyinizi istərdim.

– Mənim üçün əsas sual budur: niyə Azərbaycan mediası xüsusi olaraq hədəfə alınır? İranın bəzi media qurumları, xüsusilə “Səhər” televiziyası uzun müddətdir Azərbaycana qarşı təbliğat aparır. Buna görə də Azərbaycan dövlətinin bu cür media qurumlarına qarşı addım atması təbiidir. Eyni zamanda Rusiyada da Azərbaycana qarşı informasiya təzyiqinin artdığını görürük. Bu, ayrı-ayrı hadisələrdən çox, ümumi informasiya mübarizəsinin tərkib hissəsidir.

Belə vəziyyətdə ən doğru yanaşma emosional reaksiya deyil, peşəkar və milli maraqlara əsaslanan informasiya siyasətidir.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Paylaş: