turkiye israil suriye

İsrail Baş naziri Benyamin Netanyahu Türkiyənin Suriyada hərbi mövcudluğuna qarşı olduqlarını açıqlayıb.

Netanyahu bildirib ki, Təl-Əviv Suriyada İsrail üçün təhlükə yarada biləcək Türkiyə hərbi mövcudluğuna dözməyəcək. Onun sözlərinə görə, bu barədə Türkiyəyə açıq mesaj da çatdırılıb.

Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, Türkiyə ilə İsrail arasında Suriyanın gələcəyi ilə bağlı ciddi fikir ayrılıqları mövcuddur:

“Faktiki olaraq, Türkiyənin Suriya ilə hərbi əməkdaşlığı İsraili narahat edir. İsrail də bunu açıq şəkildə ifadə etməkdən çəkinmir. Yaxın vaxtlarda İsrail İdlib yaxınlığında yerləşən hava limanlarından birinə zərbələr endirdi. Bu hadisə həm Suriyada, həm də Dəməşqin müttəfiqləri arasında ciddi rezonans doğurdu.

İsrailin bu zərbəyə verdiyi izah isə olduqca qeyri-adi idi. Bildirildi ki, guya həmin baza Suriya tərəfindən Türkiyəyə veriləcəkmiş. Əslində, bu, kifayət qədər gülünc izahdır. Suriya suveren dövlətdir və ərazisində istədiyi hərbi bazanı istədiyi ölkəyə vermək hüququna malikdir. Bu məsələnin İsrailə birbaşa aidiyyəti yoxdur.

Turab rzayev 2 e1755852093568 900x575 2
Turab Rzayev

Əgər söhbət Suriyanın cənubunda, İsrail sərhədlərinə yaxın ərazidə Türkiyənin hərbi bazasının yaradılmasından getsəydi, Təl-Əvivin narahatlığını müəyyən qədər anlamaq mümkün olardı. Lakin İdlib məsələsində İsrailin reaksiyası daha çox Türkiyənin Suriyada hərbi baxımdan möhkəmlənməsinə qarşı siyasi mesaj kimi qiymətləndirilə bilər.

İsrail bununla açıq şəkildə göstərir ki, Türkiyənin Suriyada mövqelərinin güclənməsini və hərbi iştirakının genişlənməsini qəbul etmək niyyətində deyil.

Məsələ təkcə konkret hərbi baza ilə bağlı deyil. İsrail və Türkiyənin Suriyanın gələcəyi ilə bağlı fərqli təhlükəsizlik və geosiyasi baxışları var. Buna görə də tərəflər arasında qarşıdurmanın əsas xətti Suriyanın hansı dövlətlərin təsir dairəsində olacağı məsələsi ətrafında formalaşır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: