Rusiyanın iqtisadiyyatına hər il təxminən 15 milyard dollar valyuta gəliri gətirən taxıl ixracı Ukraynanın Azov və Qara dənizlərdə yerləşən liman infrastrukturuna endirdiyi zərbələr nəticəsində demək olar ki, iflic vəziyyətinə düşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Moscow Times” nəşri yazıb.
Ötən həftə Ukraynanın pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlardan sonra Novorossiysk limanındakı hər üç taxıl terminalının fəaliyyəti dayandırılıb. Bu terminallar vasitəsilə hər il təxminən 25 milyon ton Rusiya taxılı ixrac edilirdi. İyulun sonunda “Taman” limanındakı taxıl terminalının fəaliyyətinə də xitam verilib. Bundan bir neçə həftə əvvəl isə Rusiya hakimiyyəti Kerç boğazında gəmiçiliyi dayandırıb. Nəticədə Rusiyanın taxıl ixracının təxminən 40 faizinin həyata keçirildiyi Azov dənizi limanlarının fəaliyyəti iflic olub.
“Azov-Qara dəniz hövzəsi üzərindən həyata keçirilən Rusiya taxılının ixracı demək olar ki, tamamilə dayanıb”, – “SovEkon”un baş direktoru Andrey Sizov bildirib.
Ötən mövsümdə Rusiyanın dəniz yolu ilə həyata keçirdiyi bütün taxıl ixracının 88 faizi Azov-Qara dəniz hövzəsinin limanlarının payına düşüb. Bu, ümumilikdə 46,3 milyon ton taxıl deməkdir. Həmin həcmin 29 milyon tondan çoxu Qara dəniz sahilində yerləşən terminallar vasitəsilə yüklənib.
Əliyar Xəlil