eliyev tramp 1

ABŞ Prezidenti Donald Tramp avqustun 8-də öz təşəbbüsü ilə baş tutan telefon söhbəti zamanı İranla davam edən müharibə barədə Azərbaycan Prezidenti İlham Əliyevin fikrini öyrənib. Bu barədə məlumatı öz etibarlı mənbələrinə istinadən “AnewZ” yayıb.

Trampın Azərbaycan Prezidentindən İranla bağlı tövsiyə alması necə dəyərləndirilə bilər?

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, bu, Azərbaycan Prezidentinə beynəlxalq siyasi etimadın göstəricisi kimi qiymətləndirilə bilər:

“ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevə zəng etməsi və Azərbaycan–ABŞ münasibətləri çərçivəsində aparılan müzakirələrlə yanaşı, İran müharibəsi ilə bağlı Azərbaycan Prezidentinin mövqeyini öyrənməsi mühüm siyasi məqamdır.

Azərbaycan regionun mühüm güclərindən biridir və İranla qonşu ölkədir. Buna görə də İranda baş verən prosesləri daha yaxından müşahidə etmək və həmin proseslərin regiona mümkün təsirlərini düzgün qiymətləndirmək baxımından Azərbaycanın xüsusi imkanları var. Azərbaycan Prezidenti də uzun illər ərzində regionda baş verən proseslər və təhlükəsizlik məsələləri ilə bağlı mühüm siyasi təcrübə qazanıb.

Eyni zamanda, Azərbaycan Prezidentinin otuz ildən artıq davam edən münaqişənin həllinə nail olması onun regional geopolitika, münaqişələrin idarə olunması və konfliktologiya sahəsində mühüm təcrübəyə malik olduğunu göstərir. Bu baxımdan, ABŞ Prezidentinin İranla bağlı məsələlərdə Azərbaycan Prezidentinin mövqeyini öyrənməsi diqqətçəkən siyasi hadisədir.

Azərbaycan Prezidentinin İranla bağlı irəli sürdüyü təkliflər və yanaşmalar ABŞ tərəfindən, xüsusilə də məsuliyyətli qərarlar qəbul etməli olan Amerika administrasiyası tərəfindən ciddi şəkildə nəzərə alına bilər. Bu, həm Azərbaycan–ABŞ münasibətlərinin inkişafı baxımından mühüm amildir, həm də Azərbaycan Prezidentinə beynəlxalq səviyyədə göstərilən siyasi etimadın göstəricisidir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: