3 12

Qanunvericiliyə əsasən, yaşı 18-dən az olan işçilərin gecə vaxtı yerinə yetirilən və iş vaxtından artıq işlərə, həmçinin istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsi, habelə onların ezamiyyətə göndərilməsi qadağandır.

Globalinfo.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu kateqoriyaya aid şəxslərlə əmək müqaviləsi bağlanılarkən sınaq müddəti müəyyən edilmir, onların attestasiyası da keçirilmir.

16 yaşınadək işçilər üçün qısaldılmış iş vaxtının müddəti həftə ərzində 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər üçün isə 36 saatdan artıq olmamalıdır.

Əmək məzuniyyəti isə yaşı 16-dan az olan işçilərə 42 təqvim günündən, 16 yaşından 18 yaşınadək işçilərə 35 təqvim günündən az olmayaraq verilməlidir.

Yaşı 18-dən az olan işçilərin müəyyən edilmiş normalardan artıq ağır əşyaların qaldırılması və bir yerdən başqa yerə daşınması işlərinə cəlb edilməsi qadağandır.

Həmçinin yaşı 18-dən az olan işçinin peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığı üçün tutduğu vəzifəyə uyğun gəlmədiyinə görə əmək müqaviləsinə xitam verilə bilməz.

Əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, əxlaqi kamilliyinə mənfi təsir göstərən gecə klublarında, barlarda, alkoqollu və energetik içkilərin, tütün məmulatlarının, toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində, habelə onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən digər işlərdə yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiq edilməsi qadağandır.

Paylaş: