1 4

Bu ilin yanvar-iyul aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub.

Maliyyə Nazirliyindən Globalinfo.az-a verilən məlumata görə, bu dövrdə xəzinə əməliyyatlarına dair müraciətlərin qanunvericiliyin tələblərinə uyğun, sürətli və xətasız icrası təmin edilib, xəzinədarlıq orqanları tərəfindən 748 mindən çox ödəniş tapşırığı vaxtında və tam şəkildə icra edilib.

Cari ilin yanvar-iyul ayları ərzində dövlət büdcəsinin gəlirləri 23 milyard 594,7 milyon manat təşkil edib ki, bu da proqnozu 855,9 milyon manat və ya 3.8 faiz üstələyib.

Dövlət büdcəsinin gəlirlərində Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 11 milyard 474,1 milyon manat təşkil edərək proqnozdan 848,1 milyon manat və ya 8 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 32,9 milyon manat təşkil edərək proqnozdan 5,8 milyon manat və ya 21.5 faiz, sair daxilolmalar 427,8 milyon manat təşkil edərək proqnozdan 150,6 milyon manat və ya 54.4 faiz çox, Dövlət Neft Fondundan transfert isə 7 milyard 490 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.

Eyni zamanda, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 3 milyard 751,8 milyon manat təşkil edərək proqnoza qarşı 99.9 faiz, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 418,1 milyon manat təşkil edərək proqnoza qarşı 74.1 faiz icra olunub.

Yanvar-iyul ayları ərzində dövlət büdcəsinin xərcləri 20 milyard 174,4 milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 229,8 milyon manat və ya 1.2 faiz çoxdur.

Paylaş: