“Avqustun 8-də Vaşinqton görüşünün bir ili tamam oldu. Azərbaycan Prezidenti və Ermənistan baş naziri Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə görüşdülər və burada Vaşinqton Bəyannaməsi qəbul olundu. Eyni zamanda, Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni paraflandı”.
Bu fikirləri Globalinfo.az-a politoloq Elşad Həsənov deyib.
Onun sözlərinə görə, Azərbaycan ilk olaraq öz ərazisi üzərindən Ermənistana yüklərin daşınmasına, o cümlədən Qazaxıstandan Ermənistana taxılın çatdırılmasına icazə verdi:
“Daha sonra Rusiyadan Ermənistana yanacaq və digər zəruri malların daşınmasına şərait yaradıldı. Nəhayət, Azərbaycan özü də Ermənistana yanacaq satmağa başladı. Bütün bunlar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına ciddi töhfə verən addımlardır.
Əsas məsələlərdən biri isə Zəngəzur dəhlizinin açılması ilə bağlı Trampın irəli sürdüyü marşrut təşəbbüsünün reallaşdırılmasıdır. Artıq bu istiqamətdə layihələr hazırlanır, Ermənistan tərəfindən işçi qruplar yaradılıb və proses üzrə müəyyən razılaşmalar əldə olunub.
Cənubi Qafqaz ölkələri də bu marşrutun açılmasında maraqlıdırlar və artıq bu istiqamətdə konkret işlər görülür. Vaşinqtonda əldə olunan razılaşmaların Cənubi Qafqaza sülh və sabitlik gətirməsi baxımından mühüm əhəmiyyət daşıdığını düşünürəm. Açıq şəkildə demək lazımdır ki, Trampın təşəbbüsü ilə yaradılan bu platforma prosesə ciddi töhfə verir.
Elə dünən Azərbaycan Prezidenti ilə ABŞ Prezidenti arasında telefon danışığı baş tutdu. Azərbaycan Prezidenti Donald Trampın bu məsələyə göstərdiyi diqqətə görə ona təşəkkürünü ifadə etdi. Eyni zamanda, Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq haqqında sənədin imzalanması və bu müddət ərzində münasibətlərin daha da inkişaf etməsi diqqətçəkən məsələlərdəndir”.
Elşad Həsənov
Politoloq xatırladıb ki, dünən Ermənistanın baş naziri Nikol Paşinyan da Azərbaycan Prezidentinə zəng edərək ötən bir il ərzində əldə olunan nailiyyətlər barədə fikir mübadiləsi aparıb:
“Hesab edirəm ki, Vaşinqton görüşü Cənubi Qafqazda yeni münaqişələrin qarşısının alınmasına və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasına mühüm töhfə verib.
Vaşinqton Bəyannaməsindən sonra Ermənistanın qarşısında duran əsas məsələlərdən biri yeni konstitusiyanın qəbul edilməsidir. Həmin sənəddə Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının aradan qaldırılması istiqamətində mövqe ortaya qoyulmalıdır. Bundan sonra Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün daha əlverişli şərait yaranacaq.
Bir il ərzində həqiqətən də çox böyük dəyişikliklər baş verib. Artıq Azərbaycan-Ermənistan sərhədində əvvəlki kimi insidentlər müşahidə olunmur. Münasibətlər normallaşır, sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində proses davam edir. Eyni zamanda Ermənistan-Türkiyə münasibətlərində də müəyyən irəliləyişlər müşahidə olunur. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasından sonra regionda nəqliyyat əlaqələrinin genişlənməsi, yolların açılması və Ermənistan-Türkiyə münasibətlərinin daha da inkişaf etməsi üçün yeni imkanlar yarana bilər.
Bu baxımdan Vaşinqton Bəyannaməsi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına mühüm töhfə verməklə yanaşı, Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunmasına da ciddi imkan yaradıb”.
Safura Bənnayeva