3 3

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində mühüm mərhələ hesab olunan Vaşinqton görüşündən bir il ötür.

Globalinfo.az xatırladır ki, 2025-ci il avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda keçirilən görüşün yekununda Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamə imzalanıb. Sənəd Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanıb, Donald Tramp isə sənədə şahidlik edib.

Vaşinqton görüşünün əsas nəticələrindən biri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin razılaşdırılmış mətnini paraflaması olub. Bununla yanaşı, tərəflər sazişin imzalanması və son nəticədə ratifikasiya edilməsi üçün əlavə addımların davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Birgə Bəyannamənin əsas müddəalarından biri Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması ilə bağlı olub. Sənəddə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında nəqliyyat əlaqələrinin açılmasının regionda sülh, sabitlik və rifaha xidmət edəcəyi qeyd edilib.

Bu çərçivədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçməklə maneəsiz bağlantının təmin edilməsi nəzərdə tutulub. Eyni zamanda Ermənistan üçün də qarşılıqlı faydalı beynəlxalq və ölkədaxili bağlantı imkanlarının yaradılması vurğulanıb.

Bəyannamədə Ermənistanın ABŞ və qarşılıqlı müəyyən ediləcək üçüncü tərəflərlə birlikdə öz ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” – TRIPP layihəsi üzrə çərçivə formalaşdırmaq istiqamətində işləyəcəyi də təsbit olunub. Tərəflər bu məqsədə mümkün qədər qısa müddətdə və xoş niyyətlə nail olmaq əzmini ifadə ediblər.

Sənəddə həmçinin keçmiş münaqişənin səhifəsinin bağlanması və gələcəyə yönəlmiş münasibətlərin qurulması çağırışı yer alıb. Azərbaycan və Ermənistan beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə etmək məqsədilə güc tətbiqinin yolverilməzliyi prinsiplərini vurğulayıb, indiki və gələcəkdə hər hansı qisas cəhdini rədd etdiklərini bəyan ediblər.

Vaşinqton görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-in Minsk prosesi və onunla bağlı strukturların bağlanması ilə əlaqədar təşkilatın fəaliyyətdə olan sədrinə birgə müraciət də imzalayıblar. Bununla tərəflər uzun illər davam edən münaqişənin nizamlanması mexanizmlərindən biri olan Minsk prosesinin və əlaqəli strukturların bağlanması istiqamətində mövqelərini ortaya qoyublar.
8 avqust 2025-ci ildə Azərbaycan və ABŞ arasında ayrıca Anlaşma Memorandumu da imzalanıb. Sənəd Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılmasını nəzərdə tuturdu.

Sonrakı mərhələdə bu proses davam etdirilib və 2026-cı ilin fevralında Azərbaycan və ABŞ hökumətləri arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya imzalanıb. Sənəddə regional bağlantılar, enerji, ticarət, tranzit və təhlükəsizlik əməkdaşlığı ilə yanaşı, TRIPP layihəsinin də əhəmiyyəti qeyd olunub.

Paylaş: