Prezident İlham Əliyevin 2025-ci ilin avqustunda Birləşmiş Ştatlara işgüzar səfəri və bu çərçivədə beynəlxalq hüquqi-siyasi razılaşmaların əldə edilməsindən bir il ötür. Regionda yeni reallıqlar yaradan həmin razılaşma təkcə iki ölkənin münasibətlərində deyil, Cənubi Qafqazda sülh və əməkdaşlıq gündəliyinin formalaşmasında da dönüş nöqtəsi kimi qiymətləndirilir. Proseslərin başlanğıc nöqtəsində isə Azərbaycan Prezidentinin praqmatik və milli maraqlarımıza əsaslanan siyasətinin dayandığı bildirilir.
Bir il ərzində sənəddən irəli gələn öhdəliklərin icrası, əldə olunan nəticələr və qarşıda duran hədəflər Prezidentin Vaşinqton səfərini yenidən diqqət mərkəzinə çevirir.
Globalinfo.az-a danışan deputat Bəhruz Məhərrəmov deyib ki, bu saziş Cənubi Qafqazda post-konflikt dövrünün təhlükəsizlik arxitekturasını dəyişdirərək, tərəflər arasında suverenliyin qarşılıqlı tanınması və mülki-hüquqi öhdəliklərin bərpası prosesini tam fərqli mərhələyə çatdırıb:
Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan
“İkiölçülü və çoxölçülü diplomatiya alətlərinin sintezi fonunda cərəyan edən bu geostrateji addım, ölkəmizin beynəlxalq hüququn fundamental prinsipləri, xüsusilə BMT Nizamnaməsinin 2-ci maddəsi nəzərə alınmaqla formalaşdırdığı yeni regional reallıqların de-yure səviyyədə təsbit olunması aktıdır. Suverenliyin tam bərpasından sonra Prezident İlham Əliyevin qətiyyəti ilə Bakının diktəsi şəraitində baş tutan və dövlət başçısının təşəbbüsləri üzərində qurulan mürəkkəb danışıqlar marşrutu, sərhədlərin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiyaların fəaliyyətinin hüquqi çərçivəyə salınması və tərəflərin bir-birinin ərazi bütövlüyünə iddiasını istisna edən konseptual sənədlərin hazırlanması ilə səciyyələnib.
Vaşinqton Sammiti çərçivəsində Bakı və İrəvan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli sazişin mətninin ilkin paraflanması onilliklər boyu davam edən münaqişənin yekun delimitasiyasını şərtləndirib. Eyni zamanda, regionda kommunikasiya xətlərinin açılması üzrə razılaşdırılmış TRIPP layihəsi, dövlətlərin suverenliyi, yurisdiksiyası və milli qanunvericiliyi qorunmaqla eksterritoriallıq iddialarını aradan qaldıran, beynəlxalq tranzit-logistika hüququ normalarına tam cavab verən bir mexanizm kimi təsbit edilib”.
ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayır
Politoloq qeyd edib ki, razılaşmanın mühüm hüquqi institusional nəticələrindən biri də əhəmiyyətini itirmiş ATƏT-in Minsk Qrupunun və onunla bağlı strukturların de-yure ləğvi üçün birgə prosedurların başladılmasıdır:
“Eləcə də ABŞ tərəfinin “907-ci düzəliş”in tətbiqini hüquqi mexanizmlərlə dayandırmaqla ikiölçülü iqtisadi və hərbi-texniki əməkdaşlığın önündəki normativ maneələri ləğv etməsi mühüm nəticə idi. Yəni Prezident İlham Əliyevin memarı olduğu yeni geosiyasi təhlükəsizlik arxitekturasında Vaşinqton zəfəri təkcə regiondakı güc balansını normativ-hüquqi müstəvidə möhkəmləndirməmiş, eyni zamanda Azərbaycanın qlobal nəqliyyat və enerji təhlükəsizliyi sistemindəki subyektivliyini, habelə Qərb qütbü ilə strateji tərəfdaşlığının hüquqi parametrlərini keyfiyyətcə yeni səviyyəyə yüksəldib”.
Turan Rzayev
Globalinfo.az