Son günlər Azərbaycanda sosial şəbəkələrdə və reklam səhifələrində Ceki Çanın süni intellektlə hazırlanmış görüntüləri sürətlə yayılır. Bir çox brend məşhur aktyorun simasından reklam məqsədilə istifadə edir. Ancaq bildirilir ki, tanınmış şəxsin adı, siması və imicindən icazəsiz kommersiya məqsədilə istifadə etmək bir çox ölkədə hüquqi məsuliyyət yarada bilər. AI ilə hazırlanmış görüntülər də bu baxımdan istisna sayılmır və bəzi ölkələrdə məşhurlar öz şəxsiyyət hüquqlarını məhkəmə yolu ilə müdafiə edirlər. İddialara görə, Ceki Çan reklam məqsədli paylaşımlara görə məhkəməyə də müraciət edə bilər.
Ceki Çan AI reklamlarına görə Azərbaycan brendlərini məhkəməyə verə bilərmi? Ölkəmizin qanunvericiliyi buna necə yanaşır?
Globalinfo.az-a danışan vəkil Asim Abbasov deyib ki, şəxsin icazəsi olmadan fotosundan istifadə etmək olmaz:
“İnternet informasiya ehtiyatında və ya informasiya telekommunikasiya şəbəkəsində şəxsin razılığı olmadan onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə hazırlanmış reallığı əks etdirməyən, yaxud belə texnologiyalar (proqram təminatları) vasitəsilə hazırlanmış pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materiallarının yayılmasına yol verilməməlidir. Azərbaycanın Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanunvericiliyi, o cümlədən Əqli Mülkiyyət Agentliyinin tənzimlədiyi qaydalar ifaçıların və ictimai simaların hüquqlarını qoruyur. İcazəsiz yaradılmış deepfake və ya AI materialları həm də brendlərin saxta informasiya yaymasına səbəb ola bilər”.
Asim Abbasov
A.Abbasov qeyd edib ki, Azərbaycanın Mülki Məcəlləsinə əsasən, hər kəsin öz şəxsi şərəf, ləyaqət və işgüzar nüfuzuna, habelə şəxsi toxunulmazlıq (o cümlədən, təsvir və ad hüququ) hüququ var:
“Şəxsin icazəsi olmadan onun simasının, səsinin və ya adının kommersiya məqsədilə (reklamda) istifadə edilməsi bu hüquqların kobud pozuntudur. Reklam haqqında Qanuna əsasən, reklamda fiziki şəxsin (hətta onun təqlidinin) şərəf, ləyaqət və işgüzar nüfuzuna xələl gətirilməməlidir. Həmçinin, süni intellekt vasitəsilə hazırlanan materialların qanunvericiliyə (məsələn, informasiya təhlükəsizliyi haqqında qanuna) əsasən mütləq nişanlanması tələb olunur”.
Zaira Akifqızı
Globalinfo.az