gasannn

Azərbaycan əsilli rusiyalı bloger Hüseyn Həsənov barəsində ötən gün Rusiya məhkəməsi hökm çıxarıb. O, 4 il müddətinə qiyabi həbsə məhkum edilib. Məhkəmə həmçinin onu 1 milyon rubl cərimələyib, iki il müddətinə internetdə materiallar yaymaqdan məhrum edib və “Moskva siti”dəki 46 milyon rubl dəyərində mənzilini müsadirə edib. Həsənov 170 milyon rubldan çox vergini ödəməmək və bu vəsaitləri saxta daşınmaz əmlak əməliyyatları vasitəsilə yumaqda ittiham olunurdu. 2025-ci ildə o, axtarışa verilib, elə həmin tarixdən ölkəni tərk edib. Sosial şəbəkə paylaşımlarından bu müddətdə Azərbaycanda yaşadığı, hətta əmlak reklamları çəkdiyi görünür.

Moskva Bakıdan onun təhvil verilməsini istəyə bilərmi? Rusiya Həsənovla bağlı Azərbaycana müraciət edəcək? Ümumiyyətlə, yaşadığı ölkədə həbsə məhkum edilən və barəsində ittihamlar yayıldıqdan sonra bir növ qaçıb ölkəni tərk edən vətəndaşla bağlı rəsmi prosedur varmı?

Globalinfo.az-a danışan vəkil Ramil Süleymanov deyib ki, Hüseyn Həsənovun Azərbaycan vətəndaşı olub-olmadığını məlum deyil:

“Amma ümumilikdə Azərbaycanla Rusiya arasında hüquqi yardımlaşma haqqında müqavilə mövcuddur. Həmçinin iki dövlət müxtəlif beynəlxalq sənədlərə qoşulmaqla cinayət fəaliyyəti ilə bağlı hüquqi yardımlaşmanı həyata keçirmək istiqamətində müəyyən öhdəliklər götürüblər. Lakin Hüseyn Həsənov rəsmi şəkildə Azərbaycan dövlətinə müraciət edərək bu ölkədən sığınacaq istəyibsə, artıq burada dövlətlərarası müqavilələrdən daha çox beynəlxalq hüququn müvafiq normaları nəzərə alınmalıdır. Xüsusilə BMT-nin və digər beynəlxalq təşkilatların qəbul etdiyi konvensiyalar əsas götürülməklə, həmin şəxsin qaytarılacağı təqdirdə işgəncəyə, ölümə və ya həyati təhlükəyə məruz qalacağına dair əsaslı ehtimallar mövcuddursa, Azərbaycanın həmin şəxsi Rusiyaya təhvil verməmək hüququ var”.

ramil suleymanov 900x600 1

Ramil Süleymanov

Vəkil bildirib ki, Rusiya öz qanunvericiliyinə uyğun olaraq, ölkə xaricində olmasına baxmayaraq, Hüseyn Həsənovla bağlı qiyabi həbs, qiyabi azadlıqdan məhrum etmə və əmlaklarının müsadirəsi ilə bağlı qərarlar qəbul etmək imkanına malikdir:

“Şəxsin ölkə xaricində olması onun vəkilləri vasitəsilə Rusiya daxilində məhkəmə instansiyalarında hüquqlarını müdafiə etmək və qəbul edilmiş qərarlardan müvafiq qaydada şikayət vermək hüququnu aradan qaldırmır. Bununla yanaşı, Azərbaycan həmin şəxsin ölkə ərazisində sığınacaq əldə etməsi ilə bağlı məsələyə rəsmi hüquqi qiymət verməlidir. Rəsmi Bakı BMT-nin qaçqınların statusu ilə bağlı konvensiyasının iştirakçısıdır və bu baxımdan şəxsin sığınacaq müraciətinin qiymətləndirilməsi qanunvericiliyimiz və beynəlxalq öhdəliklər çərçivəsində ölkə daxilində həll oluna bilən məsələdir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: