Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri Əmrah Həsənli təklif edib ki, məktəb direktorları və müavinləri üçün hər 5 ildən bir sertifikasiya tətbiq olunsun. O bildirib ki, təhsilin keyfiyyəti təkcə müəllimdən yox, idarəetmədən başlayır.
Bəs bu təklifin gerçəkləşməsi nə qədər realdır?
Globalinfo.az-a danışan təhsil eksperti Elçin Əfəndi deyib ki, gələcəkdə məktəb direktorlarının da sertifikasiyası nəzərdə tutulur:
“Ehtimal ki, müəyyən müddətdən sonra onlar da bu prosesə cəlb ediləcəklər. Sertifikasiya müvafiq qanunvericilik, idarəetmə və rəhbərlik bacarıqları istiqamətində aparılacaq. Hazırda isə əsas məqsəd müəllimlərin sertifikatlaşdırılması prosesinin birinci mərhələsini tam şəkildə başa çatdırmaqdır. Planlaşdırılır ki, bu mərhələ 2028-ci ilədək tam yekunlaşsın. Bundan sonra məktəb direktorlarının da sertifikasiya prosesinə cəlb olunması gözlənilir”.
Ekspert bildirib ki, direktorların idarəetmə bacarıqları, təhsil qanunvericiliyi üzrə bilikləri, eləcə də məktəbin effektiv idarə olunması ilə bağlı peşəkar kompetensiyaları qiymətləndirilməlidir:
“Çünki təhsil müəssisəsinin uğurlu fəaliyyəti təkcə müəllimlərin yox, eyni zamanda rəhbərliyin peşəkarlığından da birbaşa asılıdır. Yəni proses mərhələli əsaslarla aparılır”.
Ləman İmran
Globalinfo.az