Ermənistanın Baş Prokurorluğu müxalifətdə olan “Çiçəklənən Ermənistan” Partiyasının rəhbəri, biznesmen Qaqik Tsarukyana məxsus “Ararat” konyak-şərab-vodka kombinatının dövlət idarəçiliyinə verildiyini açıqlayıb.
Globalinfo.az bildirir ki, qeyri-qanuni mənşəli əmlakın müsadirəsi çərçivəsində Antikorrupsiya Məhkəməsinin qərarı ilə “İrəvan Konyak-Şərab-Vodka Kombinatı Ararat” ASC-nin səhmləri Ermənistan İqtisadiyyat Nazirliyinin nəzarətinə və mühafizəsinə təhvil verilib.
Prokurorluq Tsarukyan və onunla əlaqəli şəxslərdən ümumilikdə 75 daşınmaz əmlak obyektinin, 10 əmlakın bazar dəyərinin, 42 nəqliyyat vasitəsinin və 38 şirkətdəki payların müsadirəsini tələb edir.
Qeyd edək ki, Qaqik Tsarukyan iyulun 6-da saxlanılıb, növbəti gün isə xüsusilə külli miqdarda dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilib. Ermənistan İstintaq Komitəsinin məlumatına görə, Tsarukyanın rəhbərlik etdiyi qrup 2022-2024-cü illər ərzində İrandan olan vətəndaşlarla qurulan bizneslər çərçivəsində 22 milyon dollardan çox vəsaitin mənimsənilməsi və qanunsuz leqallaşdırılmasında ittiham olunur.
Bundan əvvəl Tsarukyana məxsus “Araratsement” zavodu da qeyri-qanuni mənşəli əmlak kimi dövlət idarəçiliyinə verilmişdi.
Əliyar Xəlil