“İspaniyanın Seuta şəhərində baş verənlər Qərb modelinin sistemli böhranını nümayiş etdirir”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Avropa İttifaqının bütün rəhbərləri qaçılmaz işğaldan danışanda necə də haqlı imişlər. Ursula fon der Leyen, Kaya Kallas, Cozef Borrel – əsl uzaqgörən imişlər. Sadəcə iki məsələdə yanılıblar: istiqamətdə və subyektdə. Zərbəni bizdən gözləyirdilər, amma Şimali Afrikanın cənub istiqamətindən gəldi”, – deyə diplomat yazıb.
Zaxarovanın sözlərinə görə, baş verənlər “Qərb düşərgəsindəki daxili parçalanmanın” nəticəsidir.
O, böhranın səbəbləri kimi hüquq normalarından imtina edilməsini, ilk növbədə dəniz quldurluğunun leqallaşdırılmasını, mənfəət və ideologiyanın əxlaq, elm və sağlam düşüncədən üstün tutulması nəticəsində yaranan siyasi özbaşınalığı göstərib.
Rusiya XİN rəsmisi miqrantların həlak olmasına da diqqət çəkib.
“Sahildə doqquz cəsəd aşkarlanıb. Son aylarda Seuta sərhədini keçməyə cəhd zamanı azı 60 nəfər həyatını itirib”, – deyə o bildirib.
Zaxarova Avropa rəsmilərinin və beynəlxalq təşkilatların bu hadisələrə niyə reaksiya vermədiyini də sual edib.
“Kaya Kallas və Ursula fon der Leyen haradadır? Amerikalı ultraliberallar haradadır? Bəs BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı? Aİ ölkələrinin ombudsmanları, Avropa Komissiyası və onların Avropa dəyərləri” haradadır?”.
Əliyar Xəlil
Globalinfo.az