Ronahi Kürd Mədəniyyət Mərkəzinin Ümid Partiyasının sədri İqbal Ağazadə, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu və Müsavat Partiyasının sədri Arif Hacılı ilə bağlı Prezidentə və Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) müraciəti gündəm olub.
Xatırladaq ki, Sərdar Cəlaloğlu qonaq olduğu televiziya verilişlərindən birində kürdlər və onların tarixi ilə bağlı fikirlər səsləndirib. Bundan sonra ona qarşı tənqid kampaniyası başladılıb. İqbal Ağazadə və Arif Hacılı isə Sərdar Cəlaloğlunu müdafiə edən paylaşımlar etdikləri üçün kürd mədəniyyət mərkəzinin hədəfinə gəliblər.
Bu müraciətin əsası varmı? Adı hallanan şəxslərlə bağlı nə gözlənir?
Globalinfo.az-a danışan ADP sədri Sərdar Cəlaloğlu deyib ki, olunan müraciət və iddialar ilə razı deyil:
“Nə mən, nə İqbal Ağazadə, nə də Arif Hacılı kürd xalqını təhqir edən hər hansı fikir və ya ifadə işlətmişik. Sadəcə, Ronahi Kürd Mədəniyyət Mərkəzinin nümayəndələri kürdlər və “kürd” sözünün tarixi barədə kifayət qədər elmi biliklərə malik olmadıqları üçün bizim elmi mənbələrə əsaslanan fikirlərimizi təhqir kimi qəbul edirlər. Məsələn, “kürd” sözünün etimologiyasına baxsaq, görərik ki, müəyyən dövrlərdə bu söz milli kimliyi deyil, köçəri həyat tərzi keçirən, dağlıq ərazilərdə yaşayan və çobanlıqla məşğul olan insanları ifadə edən ümumi anlayış kimi işlədilib. Sonralar isə həmin ad etnik mənada kürd xalqının adına çevrilib. Elmi ədəbiyyatda bu məsələ məhz belə izah olunur. Mən kürdlərin tarixən köçəri və ya çoban həyat tərzi sürdüyünü deyəndə, sadəcə, bu elmi yanaşmanı ifadə edirəm. Eyni zamanda, kürdlərin etnogenezi, eləcə də bu xalqın formalaşmasında müxtəlif etnik qrupların iştirakı ilə bağlı fikirlər də elmi mənbələrdə mövcuddur. Lakin bunlar da əsassız şəkildə təhqir kimi təqdim edilir”.

Sərdar Cəlaloğlu
ADP sədri qeyd edib ki, Ronahi Kürd Mədəniyyət Mərkəzinin rəhbərliyində təmsil olunan bəzi şəxslərin xaricdə fəaliyyət göstərən separatçı dairələrlə münasibətləri barədə müxtəlif iddialar var:
“Hesab edirəm ki, bu kimi məsələləri hüquq-mühafizə və təhlükəsizlik orqanları araşdırmalıdır. Əgər hər hansı qanun pozuntusu və ya qanunsuz əlaqələr varsa, buna hüquqi qiymət verilməlidir. Eyni zamanda, müxtəlif sosial şəbəkələrdə bu təşkilatın fəaliyyəti ilə bağlı yayılan paylaşımlar və şərhlər də ciddi narahatlıq doğurur. Biz siyasi partiya olaraq ölkənin daxili sabitliyinin, ərazi bütövlüyünün və milli təhlükəsizliyinin qorunmasını əsas vəzifələrimizdən biri hesab edirik. Bununla yanaşı, xalqımızın tarixinin, mədəniyyətinin və elmi irsinin müdafiəsini də vacib sayırıq. Bu mövqeyimizə görə heç kəs bizi ittiham edə bilməz. Mərkəzin müraciəti bizdə hər hansı narahatlıq yaratmır. Əksinə, hesab edirik ki, onların fəaliyyəti və xarici dairələrlə mümkün əlaqələri qanun çərçivəsində araşdırılmalıdır. Araşdırmaların nəticəsində kimin haqlı, kimin haqsız olduğu aydın şəkildə məlum olacaq”.
Onun sözlərinə görə, həmin təşkilatın bəzi nümayəndələri siyasi və hüquqi məsələlərə kifayət qədər bələd deyillər:
“Onlar tənqid ilə təhqiri bir-birindən ayıra bilmirlər. Biz isə yalnız faktlara və elmi mənbələrə əsaslanaraq mövqeyimizi ifadə edirik. Azərbaycanın təhlükəsizliyinə təhdid yarada biləcək istənilən fəaliyyət – istər separatizm, istərsə də terror təşkilatları ilə mümkün əlaqələr araşdırılmalıdır. Bu, dövlətin və cəmiyyətin təhlükəsizliyi baxımından vacib məsələdir”.
Hüquqşünas Xəyal Bəşirov isə bildirib ki, uzun müddətdir, etnik azlıqlarla, xüsusilə də kürdlərlə bağlı məsələlər müzakirə olunur:
“Müxtəlif şəxslərin kürdlərə münasibətdə ayrı-seçkilik xarakterli çıxışlar etdiyi, yaxud onların hüquqlarının pozulması ilə bağlı fikirlər səsləndirilir. Burada söhbət konkret olaraq hər hansı siyasi partiyanın sədrindən və ya funksionerindən getmir. İstər İqbal Ağazadə, istər Arif Hacılı, istərsə də digər siyasi partiyaların rəhbərləri və ya hər hansı vətəndaş olsun, hüquqi dövlət olan Azərbaycanda hər bir şəxsin fəaliyyəti yalnız qanun çərçivəsində qiymətləndirilir. DTX-ya müraciət edilib-edilməməsindən asılı olmayaraq, hər hansı şəxsin fəaliyyətində qanun pozuntusu və ya hüquqazidd əməl varsa, bunu müvafiq dövlət orqanları araşdıracaq. Ola bilsin ki, müəyyən araşdırmalar artıq başlanılıb, yaxud ümumiyyətlə belə bir əsas yoxdur. Biz kənardan baxaraq bu barədə qəti fikir söyləyə bilmərik”.

Xəyal Bəşirov
Hüquqşünas əlavə edib ki, əgər konkret şəxslərin fəaliyyətində qanun pozuntusu, yaxud hər hansı etnik azlığın, o cümlədən kürdlərin hüquqlarının pozulması halları müəyyən olunarsa, buna mütləq hüquqi müstəvidə qiymət veriləcək:
“Azərbaycan çoxmillətli və multietnik dövlətdir. Ölkəmizdə müxtəlif etnik mənsubiyyətə malik insanlar uzun illərdir sülh və qarşılıqlı hörmət şəraitində yaşayırlar. Hər bir Azərbaycan vətəndaşının hüquqları kimi, etnik azlıqlara mənsub şəxslərin də hüquq və azadlıqları konstitusiya, qanunlarla qorunur. Hesab edirəm ki, bu müraciət əsasında aidiyyəti qurumlar obyektiv, hərtərəfli və ədalətli araşdırma aparacaq. Əgər həqiqətən də qanun pozuntusu müəyyən edilərsə, Azərbaycan qanunvericiliyinə uyğun olaraq müvafiq hüquqi tədbirlər görüləcək. Bu, bir tərəfdən qanunun aliliyinin təmin olunmasına xidmət edəcək, digər tərəfdən isə gələcəkdə oxşar halların təkrarlanmaması üçün hüquqi məsuliyyət prinsipinin tətbiqinə töhfə verəcək”.
Ləman İmran
Globalinfo.az