anar3 2

İşğaldan azad edilmiş ərazilərdə 8 rayon mərkəzi xəstəxanası və 10 ixtisaslaşmış tibb mərkəzi tikiləcək.

Globalinfo.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Azərbaycan Televiziyasının “Hədəf” proqramına və Trend Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsində deyib.

Nazirin sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin əsas istiqamətlərindən biri müasir səhiyyə infrastrukturunun yaradılmasıdır.

O bildirib ki, Səhiyyə Nazirliyinin öhdəliyinə 8 rayon mərkəzi xəstəxanası və 10 xüsusi ixtisaslaşmış tibb mərkəzinin tikintisi daxildir. Bu tibb müəssisələri istifadəyə verildikdən sonra Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) təhvil veriləcək və əhalinin istifadəsinə təqdim olunacaq.

Nazir qeyd edib ki, bu istiqamətdə ilk layihə Şuşada reallaşdırılıb.

“İlk layihəmiz məhz Şuşada həyata keçirildi. Bildiyiniz kimi, Şuşa Müalicə-Sağlamlıq Mərkəzi tikilərək istifadəyə verildi. Bu, unikal mərkəzdir. Ümumi çarpayı fondu 90 çarpayıdır. Onlardan 50-si ümumi təyinatlı xəstəxana çarpayılarıdır. Buraya cərrahiyyə, doğum və uşaq şöbələri daxildir. Digər tərəfdən isə həmin mərkəzdə sanator-kurort xidmətləri də göstəriləcək. Bunun üçün ayrıca 40 çarpayı ayrılıb. Hələ sovet dövründə Şuşada məşhur Turşsu sanatoriyası fəaliyyət göstərirdi və insanların şəfa tapdığı bir məkana çevrilmişdi. Belə qərar qəbul olundu ki, məhz Şuşa Müalicə-Sağlamlıq Mərkəzində də bu xidmətlər əhalimizə təqdim olunsun, onların əlçatanlığı təmin edilsin və məşhur Turşsunun şəfaverici xüsusiyyətlərindən istifadə edilərək əhalimizin xidmətinə verilsin. Hazırda xəstəxana fəaliyyətə başlayıb. İnanırıq ki, qısa müddətdə tam gücü ilə fəaliyyət göstərəcək”, – o deyib.

Paylaş: