Ermənistanda Prezident Vaaqn Xaçaturyanın son dövrlərdə siyasi proseslərdə və ictimai həyatda demək olar ki, görünməməsi ölkə mediasında yenidən müzakirə olunur. “Qolos Armeniya” nəşri yazır ki, Xaçaturyan faktiki olaraq siyasi gündəmdən kənarda qalıb, prezident institutu isə formal xarakter daşıyır. Məqalədə bildirilir ki, əsas siyasi qərarlar baş nazir Nikol Paşinyan tərəfindən qəbul edilir, prezident isə daha çox simvolik funksiyalar yerinə yetirir.
Nəşr iddia edir ki, Prezident Administrasiyasının saxlanılması dövlət büdcəsinə əlavə yük yaradır və Paşinyan yeni Konstitusiya çərçivəsində prezident institutunun səlahiyyətlərini daha da məhdudlaşdırmağa, hətta gələcəkdə onun statusunu dəyişməyə hazırlaşa bilər.
Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Ermənistanda prezident institutunun zəifləməsinin əsas səbəbi Paşinyanın güclü siyasi mövqeyidir:
“Baş nazir institutunun güclü olduğu ölkələrdə prezident institutu tədricən öz gücünü və nüfuzunu itirir. Biz bunu digər parlament respublikalarında da görmüşük. Məsələn, 2000-ci illərin əvvəllərində Türkiyədə Əhməd Necdət Sezər prezident olarkən AKP yeni hakimiyyətə gəlmişdi. Rəcəb Tayyib Ərdoğanın nüfuzu güclü olduğundan prezident institutu da tədricən zəiflədi.
Parlamentli respublikaların çoxunda belə olur. Yalnız Almaniyada prezident institutunun nüfuzu nisbətən güclüdür. Ancaq Xaçaturyanın ümumiyyətlə Ermənistanda güclü nüfuzu yoxdur. Özü də kifayət qədər yaşlıdır. Onun proseslərə müdaxilə etmək niyyəti də yoxdur. Qarşısında isə Paşinyan kimi iddiaları güclü bir siyasi fiqur var”.
Turan Rzayev
Globalinfo.az