endi bernem

Böyük Britaniyanın yeni Baş naziri Endi Bernem vəzifəsinin icrasına başladıqdan sonra ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski ilə telefon danışıqları aparmağı planlaşdırır.

Globalinfo.az xəbər verir ki, Bernem bu barədə vəzifəyə başlamazdan əvvəl qeydə aldığı videomüraciətdə bildirib.

O, Zelenski ilə planlaşdırılan söhbətində Londonun Kiyevə dəstəyi ilə bağlı mövqeyinin dəyişməz olduğunu bir daha təsdiqləyəcəyini vurğulayıb:

“Mən Prezident Zelenskiyə aydın şəkildə çatdıracam ki, heç bir dəyişiklik yoxdur. Keçmiş Baş nazir Kir Starmer kimi, mən də yüz faiz onun yanında olacam”.

Yeni Baş nazir Böyük Britaniyanın Ukraynaya sarsılmaz və qətiyyətli dəstəyini davam etdirəcəyini bildirib. Böyük Mançesterin meri olduğu dövrdə Ukrayna şəhərlərinin rəhbərləri ilə sıx əməkdaşlıq etdiyini xatırladan Bernem, bu təcrübəni hökumət başçısı kimi də tətbiq edəcəyini vurğulayıb:

“Mən bütün bu təcrübəni yeni rolumda istifadə edəcəm və Prezident Zelenskinin Böyük Britaniyanın dəstəyinin sarsılmaz və qətiyyətli olduğuna dair heç bir şübhəsi qalmayacaq”, – Baş nazir qeyd edib.

Qeyd edək ki, Böyük Britaniyanın yeni Baş naziri Endi Bernem və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı baş tutub. Bu barədə Zelenski özünün “Teleqram” kanalında məlumat yayıb.

Ukrayna lideri Endi Bernemi Baş nazir vəzifəsinə başlaması münasibətilə təbrik edib. Böyük Britaniyanın Ukraynaya dəstəyinin bundan sonra da davam edəcəyinə əminliyini dilə gətirib.

Zelenski, həmçinin son Rusiya hücumları zamanı həlak olanların ailələrinə göstərilən başsağlığına görə Bernemə təşəkkür ifadə edib.

“Ukrayna ilə Böyük Britaniya ən möhkəm tərəfdaşlığı qurub və biz bu əməkdaşlığı daha da gücləndirəcəyik. Yaxın vaxtlarda keçiriləcək görüşdə, o cümlədən Antiballistik Koalisiya çərçivəsində əməkdaşlığımızı müzakirə etmək barədə razılığa gəldik”, – deyə Zelenski vurğulayıb.

Bundan əvvəl isə Britaniyanın yeni Baş naziri Endi Bernem ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.

Sky News-un məlumatına görə, bu, Bernemin vəzifəyə başladıqdan sonra keçirdiyi ilk beynəlxalq telefon danışığı olub. Tərəflər arasında müzakirə olunan məsələlər barədə hələlik ətraflı məlumat açıqlanmayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: