“Ermənistan ilə Fransa arasındakı münasibətlər son illərdə görünməmiş səviyyəyə yüksələrək yeni keyfiyyət və strateji məzmun qazanıb”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makrona məktubunda yazıb.
“Bu gün Ermənistan-Fransa strateji tərəfdaşlığı siyasi dialoq və müdafiədən tutmuş iqtisadiyyat, investisiyalar, infrastruktur, energetika, təhsil, elm, mədəniyyət və yerli özünüidarəetmə sahələrinə qədər bütün əsas istiqamətlər üzrə inamla inkişaf edir. Eyni zamanda əməkdaşlığımız innovasiya, süni intellekt, biomüxtəlifliyin qorunması və iqlim gündəliyi kimi perspektivli sahələrdə də uğurla genişlənir.
Əminəm ki, birgə formalaşdırdığımız iddialı gündəliyin ardıcıl həyata keçirilməsi tərəfdaşlığımızı hər iki dost xalqın mənafeyi naminə daha yüksək səviyyəyə qaldıracaq”, – deyə o qeyd edib.
Paşinyan bildirib ki, Fransa Ermənistana Avropa İttifaqı (Aİ) ilə tərəfdaşlığın dərinləşdirilməsində dəstək verib:
“Fransanın və şəxsən Emmanuel Makronun Ermənistanın suverenliyinə, dayanıqlığının möhkəmləndirilməsinə və demokratik inkişafına verdiyi dəstəyi yüksək qiymətləndiririk”.
Əliyar Xəlil
Globalinfo.az