Fransa Prezidenti Emmanuel Makronın Suriyaya səfəri çərçivəsində iki ölkə arasında enerji, infrastruktur, iqtisadiyyat, aviasiya, nəqliyyat və investisiya sahələrini əhatə edən 16-dan çox strateji əməkdaşlıq sazişi imzalanıb.
Globalinfo.az-ın xəbərinə görə, Suriyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, Makronun Dəməşqə səfəri Fransa-Suriya münasibətlərində tarixi dönüş nöqtəsi olub.
Onun sözlərinə görə, əldə olunan razılaşmalar iqtisadi, investisiya və inkişaf sahələrində əməkdaşlıq üçün yeni imkanlar yaradacaq.
Rəsmi nümayəndə vurğulayıb ki, Makronun səfəri zamanı baş vermiş iki partlayışa baxmayaraq, dövlət qurumları vəziyyəti operativ nəzarətə götürüb və hadisələr nə səfərin proqramına, nə də məqsədlərinə təsir göstərib. O əlavə edib ki, terror aktlarını törədən şəxslər məsuliyyətə cəlb olunacaqlar.
Birgə mətbuat konfransında çıxış edən Makron bildirib ki, Fransa Suriyanın iqtisadiyyatının və bank sektorunun bərpasına dəstək verməyə hazırdır.
Səfər çərçivəsində Fransa tərəfi simvolik addım da ataraq, 2011-ci ildən ölkəsində saxlanılan və Suriya muzeylərinə məxsus 20-yə yaxın tarixi artefaktın Dəməşqə qaytarılması barədə qərar qəbul edib.
Makron Dəməşqin mərkəzində baş vermiş partlayışı mətbuat konfransında şərh etməyib. Daha sonra o, X sosial şəbəkəsində paylaşım edərək bildirib:
“Heç nə suriyalı qadın və kişilərin suveren, təhlükəsiz, plüralist və vahid ölkədə yaşamaq istəyini sarsıda bilməz. Bu gün mən Suriyanı bütün müxtəlifliyi ilə – ləyaqətli, cəsarətli və qətiyyətli gördüm. Səfərim davam edir”, – Makron vurğulayıb
Qeyd edək ki, bu, son 17 ilə yaxın müddətdə Fransa prezidentinin Suriyaya ilk rəsmi səfəridir.
Əliyar Xəlil