Qərb Cənubi Qafqazda Rusiyanın boşalmaqda olan yerini tutmağa çalışır. Daha doğrusu, Moskvanı bölgədən tam sıxışdırıb uzaqlaşdırmaq üçün əsas cəhdlərini artırdığı müşahidə olunur.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycan və Ermənistana səfəri bu məsələni yenidən aktuallaşdırıb. İrəvan və Bakı arasında sülh prosesinə dəstək, Avropa İttifaqının (Aİ) maliyyə yardımı və qrant vədləri də mövzuya yeni çalar qatır.
Avropa bir əlində sülh göyərçini, digər əlində isə milyonlarla dollarlıq vəsaitlə bölgəyə daxil olmağa çalışır?
Globalinfo.az-a danışan politoloq Asif Nərimanlı bildirib ki, Avropa İttifaqının Cənubi Qafqaza Ermənistan üzərindən daxil olmaq cəhdləri aydın görünür:
“Baş naziri Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra Aİ Ermənistan vasitəsilə bölgədə maraqlarını təmin etməyə başlayıb. Gürcüstanda İttifaqın mövqelərinin zəifləməsi Brüsseli Ermənistana daha çox diqqət ayırmağa vadar edib.
Azərbaycan və Ermənistan arasında 44 günlük müharibədən sonra Aİ-nin rəsmi Bakıya qarşı sərgilədiyi qərəzli mövqenin şahidi olduq. Çünki onlar İrəvanın maraqlarını təmin edən yeni reallıq formalaşdırmağa çalışırdılar. Lakin Avropa İttifaqının Ermənistanla bağlı siyasəti gözlənilən nəticəni vermədi. Bundan sonra Brüssel anladı ki, Azərbaycanla əməkdaşlıq olmadan regiondakı məqsədlərinə çatmaları çətin olacaq.
Son bir il ərzində, xüsusilə də Aİ rəhbərliyində baş verən dəyişikliklər fonunda ölkəmizə yanaşmada fərqlilik müşahidə olunur. Cozef Borrel və onun kimi siyasətçilərin Avropa İttifaqı rəhbərliyindən uzaqlaşmasından sonra Brüssel regionla bağlı siyasətinə müəyyən korrektələr edib. Hazırda İttifaq rəhbərliyi regiondakı mövcud reallıqların fərqindədir və daha balanslı yanaşma nümayiş etdirir. Lakin bu balansın hansı səviyyədə qorunacağı və nə qədər davam edəcəyi sual altındadır”.

Asif Nərimanlı
Politoloqun sözlərinə görə, Aİ bir tərəfdən sülh prosesini dəstəklədiyini bəyan edir, digər tərəfdən isə bölgəyə kapital yatırır:
“Əslində, ikinci məqam müəyyən mənada başadüşüləndir. Çünki Avropa İttifaqı regiondakı maraqlarını praktik müstəvidə təmin etmək üçün investisiyalar qoyur. Lakin bu siyasətin Ermənistan yönümlü olacağı da istisna deyil.
Son seçkilərdə Paşinyana verilən dəstək də Avropa İttifaqının siyasətinin istiqamətini və ağırlıq mərkəzini göstərir. İstisna deyil ki, qarşıdakı dövrdə Ermənistan mərkəzli siyasət daha da güclənəcək.
Nəzərə almaq lazımdır ki, Aİ balanslı siyasət yürütməyə çalışsa da, Avropa strukturlarının, xüsusilə AŞPA-nın ölkəmizə qarşı qərəzli mövqeyini davam etdirməsi Avropa siyasi elitasında anti-Azərbaycan mövqeyində olan şəbəkələrin hələ də mövcud olduğunu göstərir. Onlar Aİ-nin xarici siyasətinə təsir göstərmək imkanlarını qoruyurlar.
Qarşıdakı dövrdə Azərbaycanla bağlı hazırkı balanslı siyasətin dəyişməsi ehtimalı var. İstisna deyil ki, Avropa bölgədə əsas platforma kimi yenidən Ermənistanı seçəcək və planlarını bu istiqamətdə davam etdirəcək. Lakin yekun nəticəyə yenə də Azərbaycanın mövqeyi və atacağı addımlar təsir göstərəcək”.
Safura Bənnayeva
Globalinfo.az