Antverpen Ümumdünya Almaz Mərkəzi (AWDC) Amerika Birləşmiş Ştatlarının müstəqilliyinin 250 illik yubileyi münasibətilə ABŞ lideri Donald Trampa qızıl üzük hədiyyə edib. Qiymətli əşya ABŞ-ın Belçikadakı səfiri Bill Vayta təqdim olunub.
Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə AWDC özünün “Facebook” səhifəsində məlumat yayıb.
Hədiyyə edilən qızıl üzük 321 ədəd təbii brilyant və əlavə olaraq 75 müxtəlif qiymətli daşla bəzədilib.
“Nəsillər boyu ABŞ bizim ən əsas ticarət tərəfdaşımız olub. Antverpendə satılan təbii almazların böyük bir qismi sonda amerikalı müştərilərə çatır. Bu üzüyün sıx iqtisadi əlaqələrimizin rəmzinə çevrilməsini arzu edirik”, – deyə Antverpen zərgərləri bildiriblər.
Onlar zinət əşyasının hazırlanması zamanı yalnız təbii brilyantlardan istifadə edildiyini xüsusi olaraq vurğulayıblar.
“Təbii və süni almazları adi gözlə bir-birindən fərqləndirmək mümkün deyil, lakin onların mənşəyi, bənzərsizliyi, dəyəri və statusu baxımından ciddi fərqlər mövcuddur”, – deyə mərkəzin açıqlamasında qeyd olunur.