10 min verib Həccə gedək, yoxsa o pulu…? – İki tanınmışın rəyi

“Namaz qılmaq və oruc tutmaq kimi, Həcc ziyarəti də islamda vacib buyurulub. İmkanı çatan insan bir dəfə də olsa Həcc ziyarətinə getməlidir”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında yazar Kənan Rövşənoğlu deyib. O bildirib ki, maddi və fiziki baxımdan imkanı olan hər kəs istədiyi qədər Həcc ziyarətinə gedə bilər:

Şəkilin açıqlaması yoxdur.

Kənan Rövşənoğlu

“Həcc ziyarətinə getməyib, tələbələrin təhsil haqqını ödəmək və ya digər ehtiyacları qarşılamaq məsələsi çox müzakirə olunur. Əlbəttə, yardım etmək Qurandan gələn tapşırıqlardan biridir. Amma orada yazılmayıb ki, “Həcc ziyarətinə getmə, o pulla kiməsə dəstək ol”. Bunları qarışdırmaq olmaz. Onsuz da ora imkanlı şəxslər gedir. Biz kiməsə deyə bilmərik ki, “Sən Həcc ziyarətinə getmə, onsuz da qəbul olmayacaq, çünki sən o pulu ehtiyaclı biri üçün xərcləmədin”.

Sosioloq Əhməd Qəşəmoğlu isə məsələyə fərqli yanaşıb. O bildirib ki, Həcc ziyarətinə gedən şəxs mənəvi təmiz olmalıdır:

“Əvvəla, Həcc ziyarətinə gedən adam imanlı, dindardırsa, o zaman özü bilməlidir ki, onun qarşısında hansı öhdəliklər var. Baxırsan ki, haram yollarla 10 min pulu qazanır və həmin pulla Həccə gedir. O insanın Həccə getməsi artıq mənasızdır. Çünki oraya gedən adam mənəvi təmiz olmalı, islamın tələblərini yüksək səviyyədə yerin yetirməli və daha sonra gedib oraları ziyarət etməlidir”.

Əhməd Qəşəmoğlu

Sosioloq bildirib ki, təmiz insan ətrafındakı yoxsul insanlara mütləq yardım edəcək:

“Kəskin olaraq “Həcc ziyarətinə getmək üçün xərclədiyiniz pulları yoxsullara verin” demək doğru olmaz. Çünki islamda belə bir prinsip var ki, Allah sənə o imkanı veribsə, deməli, boynunda mənəvi bir borc var. Sən Allahın buyurduqlarını etmədən, hansısa yolla qazandığın pulla Həcc ziyarətinə getməyin qəbul olmaz. Bunların isə hamısı savadsızlıq, avamlıq və cəhalətdən irəli gəlir.
İnsan Həcc ziyarətinə getmədən xeyirxah işlər görməlidir. Boşuna deyilməyib ki, öz qonşusunun qarnını doyurmaq, Həccə getməkdən üstündür. Bu o deməkdir ki, əgər sənin qonşunda, tanışların arasında ağır vəziyyətdə olan adamlar varsa və ona etinasız yanaşaraq pulunu verib həccə gedirsənsə, sən islamın tələbini yerinə yetirmirsən. Belə halda isə həmin etdiyin ziyarət qəbul olunmur”.

Zaira Akifqızı
Globalinfo.az