Son günlər sosial şəbəkələrdə Azərbaycanla bağlı səsləndirilən bəzi iddialar geniş müzakirələrə səbəb olur. Son olaraq iranlı bloger Fatimə Şirazi Bakıda çəkdiyi videoda ölkəmizi təhqir edən fikirlər səsləndirib. O, Bakının vaxtilə İranın əyaləti olduğunu iddia etməklə sosial şəbəkə istifadəçilərinin tənqidi ilə üzləşib.
Əslində tarix necədir? Gülüstan və Türkmənçay müqavilələrindən əvvəl vəziyyət necə olub?
Globalinfo.az-a danışan tarixçi-alim Faiq Ələkbərli deyib ki, bu iddialar tarixi faktlara əsaslanmayan uydurma fikirlərdir:
“Bakı tarix boyu müxtəlif dövlətlərin tərkibində olub və bu gün müstəqil Azərbaycanın paytaxtıdır. Müasir dövlət sərhədlərini keçmiş imperiyaların sərhədləri ilə eyniləşdirmək düzgün yanaşma deyil. Tarixə nəzər saldıqda görünür ki, 1935-ci ildən İran adlanan ərazidə uzun əsrlər ərzində Səfəvilər dövləti, Əfşarlar dövləti və Qacarlar dövləti kimi türk mənşəli sülalələr hakimiyyətdə olublar. Bu dövlətlərin siyasi və hərbi elitasında türk tayfaları mühüm rol oynayıb. Xüsusilə Təbriz uzun müddət mühüm siyasi və inzibati mərkəz kimi çıxış edib, bəzi dövrlərdə isə paytaxt statusu daşıyıb. Həmin dövlətlər bugünkü milli dövlət anlayışı ilə eyniləşdirilə bilməz. Onlar çoxmillətli imperiyalar idi və müxtəlif xalqları, dilləri və bölgələri özündə birləşdirirdi. Bu səbəbdən “Bakı İranın əyaləti olub” kimi iddialar nə beynəlxalq hüquqa, nə də mövcud siyasi reallığa uyğundur. Bakı bu gün suveren Azərbaycanın paytaxtıdır və onun statusu beynəlxalq səviyyədə tanınır”.
Faiq Ələkbərli
Faiq Ələkbərli bildirib ki, müzakirə zamanı emosional, siyasi şüarlardan daha çox tarixi mənbələrə və faktlara söykənmək daha sağlam yanaşmadır:
“Tarix mürəkkəbdir və müxtəlif dövrlərdə fərqli dövlətlər müxtəlif ərazilərə nəzarət ediblər. Bu faktlar müasir dövlətlərin suverenliyi ilə qarışdırılmamalıdır. XVIII əsrin sonu-XIX əsrin əvvəllərində indiki Azərbaycan ərazisində müstəqil və ya yarımmüstəqil xanlıqlar mövcud idi. Bakı xanlığı, Qarabağ xanlığı, Gəncə xanlığı, Şəki xanlığı və digər siyasi qurumlar formal olaraq İran hökmdarlarının hakimiyyətini tanısalar da, faktiki olaraq daxili idarəetmələrini özləri həyata keçirirdilər. Bu ərazilər vahid İran əyaləti kimi idarə olunmurdu. Rusiya ilə Qacarlar dövləti arasında baş vermiş müharibələrdən sonra imzalanan Gülüstan müqaviləsi və Türkmənçay müqaviləsi nəticəsində Şimali Azərbaycanın böyük hissəsi Rusiya imperiyasının tərkibinə keçib. Araz çayı boyunca sərhəd formalaşıb, Azərbaycan torpaqları şimal və cənub hissələrinə bölünüb”.
Qeyd edək ki, Rusiya imperiyası ilə Qacar dövləti arasında baş vermiş müharibələrin nəticəsi olaraq 1813-cü ildə Gülüstan, 1828-ci ildə isə Türkmənçay müqavilələri imzalanıb. Bu müqavilələrdən sonra iki imperiya arasında yeni sərhədlər formalaşıb, Araz çayı sərhəd xətti kimi müəyyənləşdirilib. Nəticədə Azərbaycanın tarixi torpaqları iki imperiyanın nəzarəti altında qalıb və bölgənin siyasi xəritəsində mühüm dəyişikliklər baş verib.
Ləman İmran
Globalinfo.az