“Fransa Ukraynada sülhün bərpasına və atəşkəsə nail olunmasına çalışmalıdır, ölkəyə hərbi qüvvə göndərmək isə məqsədəuyğun deyil”.
Globalinfo.az xəbər verir ki, bunu Fransanın “Milli Birlik” partiyasının lideri və 2027-ci il prezident seçkilərində ehtimal olunan namizəd Jordan Bardella deyib.
“Prezident seçkilərində qalib gəlsək, əsas prioritetimiz yeni Fransa rəhbərliyinin vasitəsilə Avropanın sərhədlərində sülhü bərpa etmək olacaq. Bunun üçün ilk növbədə Ukraynada atəşkəsə nail olunmalı, daha sonra isə ölkənin sərhədlərini müdafiə etməsinə imkan verəcək təhlükəsizlik təminatları yaradılmalıdır”, – deyə o bildirib.
Bardella Ukrayna ərazisində Fransa hərbçilərinin yerləşdirilməsinə qarşı olduğunu vurğulayıb.
Onun sözlərinə görə, belə bir addım yalnız atəşkəs razılaşması əldə edildikdən sonra və BMT-nin sülhməramlı missiyası çərçivəsində mümkün ola bilər.
Siyasətçi həmçinin Avropa Komissiyasının Fransa əsgərlərini müharibəyə göndərmək səlahiyyətinə malik olmasına imkan verməyəcəyini qeyd edib.
Bununla yanaşı, Bardella Rusiyanın hazırda Fransa və Avropanın maraqları üçün “çoxşaxəli təhlükə” yaratdığını iddia edib:
“Lakin Moskva ilə dialoq davam etdirilməlidir. Rusiya da, Fransa da nüvə dövlətidir. Bu reallıq bizə ən güclü silaha sahib olan dövlətlərlə münasibətlərin qurulmasında xüsusi məsuliyyət yükləyir”.
Əliyar Xəlil
Globalinfo.az