Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya-Ukrayna münaqişəsinin, eləcə də Yaxın Şərqdəki gərginliyin cari ildə nizamlanmasının mümkün olacağını bildirib.
Globalinfo.az-ın xəbərinə görə, o, bu barədə Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalına müsahibəsində danışıb.
Lukaşenkonun sözlərinə görə, hazırda silahlı münaqişələrin dayandırılması üçün əvvəlki dövrlərlə müqayisədə daha əlverişli imkanlar mövcuddur.
“İstər bizim regionda, istərsə də Yaxın Şərqdə gedən müharibələrin dayandırılması üçün indi heç vaxt olmadığı qədər imkan yaranıb”, – deyə Belarus lideri vurğulayıb.
O qeyd edib ki, münaqişələrin həlli əsasən bir neçə şəxsin siyasi iradəsindən asılıdır:
“Əgər belə bir istək olsa, müharibələri mütləq bu il başa çatdırmaq mümkündür. Hətta Rusiya ilə Ukrayna arasındakı münaqişə də bu il yekunlaşa bilər”.
Yaxın Şərqdəki vəziyyətə də toxunan Lukaşenko bildirib ki, bölgədə hərbi əməliyyatların dayandırılmasından başqa çıxış yolu görmür.
“Ümid edirəm ki, bu qarşıdurma yaxın vaxtlarda dayandırılacaq. Adətən bunu ABŞ və İran arasındakı müharibə adlandırırlar. Lakin bu, ilk növbədə İsrail ilə İran arasındakı qarşıdurmadır”, – deyə Lukaşenko əlavə edib.
Əliyar Xəlil